Dörd tərəfi pir olan CİMİ kəndindən REPORTAJ - FOTOLAR

Hüseyn MƏMMƏDSALAHOV
Bir çoxları “Cimi” sözünü ilk dəfə eşidəndə məşhur “Tansor disko” filminin baş qəhrəmanını xatırlayır. Amma hazırladığımız reportajın bu filmlə heç bir əlaqəsi yoxdur. Söhbət Azərbaycanın qədim kəndlərindən biri olan Cimi haqqındadır. Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən Cimi çayının (Vəlvələçayın qolu) sahilində yerləşən bu kəndin tarixi qədim zamanlara gedib çıxır. Burada çoxlu sayda yaşı bəlli olmayan qəbiristanlıqlar mövcuddur. Kəndin dörd tərəfi pirlərlə əhatə olunub. Yerli ağsaqqalın dediyinə görə, “Cimiyə hansı tərəfdən gəlirsənsə gəl, mütləq pirə rast gələcəksən”.
FOTO: ƏMİRSEYİD BABA PİRİ
Faktor.az saytı Azərbaycanın qədim məskənlərindən biri olan Cimi kəndi haqqında özəl reportajı sizə təqdim edir:
Kəndin adının yaranması ilə bağlı fikir mövcuddur:
1.Kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki “cəm” sözü ilə Cəmi adlandırılmışdır.
2.Kəndin adı bu ərazidə yerləşən ilk Cümə məscidi ilə əlaqələndirilir. Belə ki, “Cümə” sözü zaman ötdükcə “Cimi” sözünə çevrilib.
3.Kənd öz adını ərazisindəki Cimi adlı mineral bulaqların adından almışdır. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir.
4.Kəndin adı Dərbəndin Cimikənd adlanan yerdən köç edərək burada məskunlaşmış türk tayfaları ilə əlaqələndirilir.
FOTO: YAŞI BƏLLİ OLMAYAN QƏBİRİSTANLIQ
Qədim tarixə malik Qubanın Cimi kəndinin əhalisi əsasən tat (11-12-ci əsrlərdə İrandan gəlmiş) mənşəli azərbaycanlılardan ibarətdir. Əhali əsasən heyvandarlıqla, xalçaçılıq, toxuculuq, arıçılıqla məşğul olur. Əhali tat və Azərbaycan dilində danışır.
Burada həmçinin Cimi bulağı da var. Bu bulaq Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir.
Sözügedən kənddə Qubaya məxsus yeməklərlə yanaşı, qafun, südlü əriştəli aş və döyməcə kimi yerli xörəklər də bişirilir.
FOTO: XIX ƏSRƏ AİD MƏSCİD. BU YERLİ ƏHƏMİYYƏTLİ VƏ DÖVLƏT ABİDƏSİ HAZIRDA DÖVLƏT TƏRƏFİNDƏN QORUNUR
Cimi kəndində doğulan ziyalılar:
Şair, tərcüməçi, nasir - Ələkbər Baba oğlu (Məmmədsalahov) Salahzadə (1941-2013)
Filologiya elmləri namizədi, "Qızıl qələm" mükafatının laureatı – İmadəddin Zəkiyev (d. 1939)
Azərbaycanın ictimai-siyasi xadimi, Quba rayonundan I və II çağırış millət vəkili, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri, “Tərəqqi” medalı laureatı, fəlsəfə doktoru – Hikmət Osmanov (d. 1957)
Kənddən danışıb onun Vətən uğrunda canından keçən şəhidlərini də unutmaq düzgün olmazdı. Məlumata görə, kəndin ilk şəhidi Məmmədsalahov Vidadi Dadaşbala oğlu olub. O, 1993-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. 1955-ci ildə Cimi kəndində doğulan Məmmədsalahov Milyaməddin Şəmsəddin oğlu isə Qonaqkənd qəsəbəsinin ilk şəhidi olub. O, 1992-ci ildə Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdu.
FOTO: YERLİ ƏHALİ BU DAĞ VASİTƏSİLƏ QİBLƏNİN HARADA YERLƏŞDİYİNİ MÜƏYYƏNLƏŞDİR
FOTO: CİMİ ÇAYI


