Təkbaşına döyüşən qəhrəman - Natiq Qasımov - "Özünə mövqe seçmiş hündürboy gənci – Natiqi gördüm" - FOTOLAR

İyunun 26-da Silahlı Qüvvələr Günü həm də ordu kimi döyüşən qəhrəman – Natiq Qasımovun xatirəsi anılmaqla qeyd olundu.
Tədbir Mingəçevir şəhərində, gədəbəyli gənclərin təşəbbüsü ilə bərpa edilmiş Natiq Qasımov adına Xatirə Bulağında baş tutdu. Tədbirdə Gədəbəydən, Bakıdan gəlmiş gədəbəyli gənclər, eləcə də Mingəçevir sakinləri iştirak etdilər.
Giriş sözü ilə çıxış edən Samir Vəliyev Natiq Qasımovun keçdiyi qəhrəmanlıq yolu haqda danışaraq, onun 21 yaşında əfsanəvi “Mixaylo”nun (Mehdi Hüseynzadə) qəhrəmanlığını təkrarladığını, Natiqin hər bir vətənvərpər Azərbaycanlı üçün igidlik nümunəsi olduğunu bildirdi. O, ötən il Gədəbəyli gənclərin təşəbbüsü ilə başladılan “O Bayrağı yaşatdı, Biz də Onu yaşadaq!” aksiyası və aksiya nəticəsində Natiq Qasımovun Xatirə bulağının təmiri haqda məlumat verdi. Bildirildi ki, aksiyaya ümumilikdə 89 nəfər qoşulub. Elə insan olub ki, 1000 manatdan çox, elə insan olub 50 manat, elə insan olub ki, 1 manat yardım edib, elə insan da olub ki, öz bacardığı hər hansı işlə dəstək olub, yəni xeyli sayda insan vətənpərvərlik nümayiş etdirərək bu aksiyaya qoşulub.
Daha sonra Natiq Qasımovu son dəfə görən azərbaycanlı – Xocalı sakini Cəfər müəllim onun haqda ətraflı çıxış etdi. Cəfər müəllim əsir düşmələrindən, ermənilərin onu Natiq Qasımovla danışığa göndərməsindən danışdı: “1992-ci ilin martında Əsgəran qalası yaxınlığında Azərbaycan döyüşçülərinin vuruşduğu bir alban məbədinə ermənilər dəfələrlə hücum etsələr də,xeyli itki vermiş, lakin oranı ələ keçirə bilməmişdilər. Nəhayət, əsir götürülmüş biz Xocalı sakinlərinə bildirdilər ki, əgər oradakı döyüşçüləriniz təslim olsalar, sizi sağ saxlayacağıq, əks halda hamınızı güllələyəcəyik. Bu məqsədlə məni məbədə danışığa göndərdilər. Məbədin yuxarısında Azərbaycan bayrağı asılmışdı. Məbədə yaxınlaşıb içəri girdikdə gördüm ki, orada 1 meyit var, daha irəlidə isə haldan düşmüş və kisə üzərində uzanıb özünə mövqe seçmiş hündürboy gənci – Natiqi gördüm. Dedim ki, təksənmi? Cavab verdi ki, 1 yoldaşım şəhid oldu, qalanları isə digər yaralıları apardılar, ona görə də neçə gündür təkbaşına vuruşuram. Soruşdum axı sən də gedə bilərdin, niyə getmədin? Cavab verdi ki, komandirə söz vermişdim ki, bu mövqeni sonadək qoruyacam, ona gerə heç yana getmədim. Bura hücum edən erməniləri öldürdükcə onların avtomat daraqlarını götürüb döyüşməyə davam etmişəm. Dedim güllən qalıbmı? Yoxladı ki, cəmi 2 gülləsi qalıb. Dedim məni danışığa göndəriblər ki, əgər buradakı döyüşçülər təslim olsalar, əsirləri öldürməyəcəklər. Cavab verdi ki, burada yeganə döyüşçü mənəm və əgər ermənilər əsirləri sağ buraxmağa hazırdırlarsa, mən təslim olmağa razıyam, təki onlar sağ qalsınlar. Sonra məndən onu qaldırmağıma kömək istədi. Belindən tutub onu qaldırdım və kömək edib məbədin çıxışına doğru apardım. Bu zaman dayandı və o cür halsız vəziyyətdə olmasına baxmayaraq, məbədin yuxarısına qalxdı və oradan bayrağımızı götürdü. Daha sonra birlikdə çölə çıxdıq. Ermənilər burada yalnız bir döyüşçünün olduğunu görəndə şoka düşdülər. O zaman orada olan italyan fotomüxbir onun şəklini çəkmək istədi. Ermənilər istədilər cəld bayrağımızı onun əlindən alsınlar. Amma Natiq bayrağı buraxmadı. Nəticədə Natiqin bayraqla o məşhur şəkli çəkildi. Sonra Natiqi ermənilər apardılar danışdırmağa və onun sonrakı taleyindən xəbərimiz olmadı”.
Anım tədbirində Natiq Qasımovun qardaşı Nofəl Qasımov qısa çıxış edərək bildirdi ki, bu qədər insan əgər Natiqi anmaq üçün buraya yığıbsa, deməli, o hələ sağdır və doğrudan da bu xalq üçün, bu millət üçün nəsə edib. Nofəl Qasımov tədbirə gələn insanlara, eyni zamanda Xatirə bulağının təmirində iştirak edənlərə öz dərin təşəkkürünü bildirdi.
Daha sonra Natiq Qasımovun Mingəçevirdəki qonşuları və onu tanıyanlar Natiq haqda fikirlərini bölüşdülər. Tədbir Natiq Qasımovun Xatirə bulağının ətrafında xatirə fotosunun çəkilməsi ilə başa çatdı.
Ceyhun Nəbiyev
Samir Vəliyev


