Kosmosda istirahət - Kosmik turizm

"Uşaqlar niyə yubanırsız? Axı bizim bu gün Marsa ekskursiyamız var!"
Məşhur filmdə səslənən bu fikir illər öncə bizim üçün əlçatmaz idisə, müasir zamanda elm və texnika elə inkişaf edib ki, kosmos artıq adi insanlar üçün də əlçatandır. Məsələn,
Amerika Birləşmiş Ştatları artıq sıravi vətəndaşlar üçün də aya uçuş imkanı yaradıb. Kosmik turizmin ləzzətini dadanlardan Aya səyahət edən Anuşe Ənsarinin göstərmək olar.
Mənşəcə iranlı olan amerikalı biznesmen Anuşe Ənsari Rusiya kosmonavtı Pavel Vinoqradov və amerikalı astronavt Cefri Vilyams ilə birlikdə 11 günlük fəza səfərini uğurla başa vurub. Bu səyahət ona 5 milyon dollara başa gəlib.
İndi “Parisə 2 günlük pulsuz səyahət imkanı” yox, “1,5 milyard dollara ikinəfərlik Ay səyahəti” kimi başlıqlı elanlar daha çox diqqət çəkməkdədir. Gələcəyin turizm şirkətləri də məhz bu cür prinsiplər üzərində qurulur. Artıq hər kəsin getdiyi, hamının gördüyü yerlər insanlar üçün bir o qədər maraq kəsb etmir. İnanların yenilik axtarışına olan maraqları onları çox uzaqlara aparır. Hətta o qədər uzağa ki, bu məsafə planetimizi də keçib gedir bəzən.
Yəqin elə bu marağın doğurduğu tələbdəndir ki, NASA-nın təqaüdə çıxmış iki mütəxəssisi Aya səyahət təşkil etmək üçün şirkət qurublar. Aya ikinəfərlik səyahətin qiyməti 1,5 milyard dollar təşkil edəcək. NASA-nın keçmiş əməkdaşları Alan Stern və Qerri Qriffin qurduqları şirkətin adı “Qolden Spike”dir. Səyahətlər araşdırma və ölkələrin beynəlxalq imic qazanması üçün də təşkil olunacaq. Şirkət bu məqsədlə NASA-nın keçmiş kapsullarından istifadə edəcək. 2020-ci ilədək Aya 20 səfərin təşkil edilməsi planlaşdırılır. İlk uçuşun 7-8 milyard dollara başa gələcəyi güman edilir. Bildirilir ki, raket və kapsulları satın alacaqlar və Aya səfər edəcək turistlər üçün xüsusi geyim dizayn ediləcək. Son zamanlar bu cür əsrarəngiz təkliflər xeyli artmışdır. Məsələn 3 il əvvəl Hollandiyanın “Mars When” şirkəti Qırmızı planetdə qəsəbə salmaq üçün könüllülər yığmağa başlamışdı. Namizədlərin 2023-cü ildə Mars planetinə yollanacağı bildirilir. Proqramın ən ağır şərti ondan ibarətdir ki, Qırmızı planetə uçmağa razı olan könüllülər bir daha yer planetinə qayıda bilməyəcək.
Digər bir məsələ isə kosmik turizmə xərclənən vəsait və bu turizmin gətirdiyi gəlirlə bağlıdır.
ABŞ-ın Delaver Universiteti və İtaliyanın paytaxtı Roma şəhərindəki La Sapiens Universitetinin (Universitety La Sapienze) mütəxəssislərinin birgə keçirdiyi tədqiqatın proqnozlarına görə 2021-ci il üçün artıq dünyada təqribən 21 min nəfərə yaxın adam kosmik səyahətə getmək həvəsində olacaqdır və bunun üçün də zəruri olan bütün vəsaitlərə malik olacaqlar. Bütün bunların cəmi olaraq isə biznesin bu növü kosmik turizm uçuşlarının təşkilatçılarına ildə 700 milyon dollar pul gətirə bilər.
Araşdırmanın nəticələrinə görə hal-hazırda yalnız çox az arzu edən insan Beynəlxalq Kosmik Stansiyada iki həftəlik qonaq qalmaq üçün 20 milyon dollar həcmində vəsait ödəyə bilmək iqtidarındadır. Ona görə də bundan daha da cəlbedici variant kimi suborbital kosmik uçuşlar görünür. Belə ki, uçuşlarda iştirak etmək üçün lazım olan biletin qiyməti 80 min dollar həndəvərində olacaq.
İlk kosmik mehmanxana isə artıq 2025-ci ildə reallığa çevrilə bilər.
Təbii ki, bütün bunların həyata keçməsi üçün həmin yerlərdə insanların yaşaya bilməsi üçün zəruri şəraitin olması vacibdir. Uzun illərdir ki, alimlər bu sahədə araşdırmalar aparırlar. Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. Alimlər başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki, həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılması nəzərdə tutulur.
Əgər hər şey nəzərdə tutulduğu kimi reallaşdırılarsa, gələcəkdə turizmin yeni bir növünün inkişafına şübhə qalmır.
Azərbaycanda isə hazırda kosmik turizm potensialı yoxdur. Çünki bu, yeni bir turizm növüdür və hələlik ondan yalnız nəhəng ölkələr yararlana bilir.
Xəyalə Bünyatova


