Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib

Türkiyənin Dolphin Denizcilik şirkəti Mersin limanı ilə Suriyanın Tartus limanı arasında Ro-Ro daşımalarını 10 ildən sonra yenidən bərpa edib. İlk səfər 21 aprel 2025-ci il tarixində həyata keçirilib.
Şirkətin baş direktoru Mustafa Kasap bildirib ki, bu xətt yalnız yük daşımır həm də ümidləri, ticarəti və qardaşlığı daşıyır. Onun sözlərinə görə, təşəbbüs Türkiyə ilə Suriya arasında sərhədləri aşan əməkdaşlığın, əməklə formalaşan qarşılıqlı inamın simvoludur.
Yeni xətt vasitəsilə TIR-lar, digər avto nəqliyyat vasitələri, iş texnikası, xüsusi yüklər və sənədlər daşınacaq. Şirkət həmçinin DFDS ilə əməkdaşlıq çərçivəsində Avropadan gələn tranzit yüklərin də bu marşrut üzrə daşınmasını təmin etməyi planlaşdırır.
Dolphin Denizcilik bu xətt üzrə həftəlik ən azı üç səfər həyata keçirməyi nəzərdə tutur. Layihə bölgədə iqtisadi əlaqələrin və logistik əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.
"Seanews.az"


