Tramp Çini hədələdi: - “Əgər gömrük rüsumunu geri çəkməsə...”

ABŞ Prezidenti Donald Tramp Çin mallarına əlavə 50%-lik rüsum tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Valyuta.az xəbər verir ki, 9 aprel tarixindən ABŞ-ın yeni rüsum siyasətinin tam şəkildə qüvvəyə minməsi ərəfəsində, bu addım bazarlarda dalğalanmalara səbəb olub.
Belə ki, Tramp 7 aprel tarixində yayımladığı bəyanatda bildirib: “Əgər Çin sabaha qədər – 8 aprel tarixinədək 34%-lik rüsum artımını geri çəkməzsə, ABŞ 9 apreldən etibarən Çin mallarına əlavə 50%-lik rüsum tətbiq edəcək. Bundan əlavə, Çinlə planlaşdırılmış bütün görüşlər ləğv olunacaq və dərhal digər ölkələrlə danışıqlara başlanacaq”.
Ağ Evdə çıxışı zamanı Tramp əlavə edib: “Hər bir ölkə ilə ədalətli və sərfəli razılaşmalar əldə edəcəyik. Əgər bu mümkün olmazsa, o zaman onlarla heç bir əlaqəmiz olmayacaq”.
Bundan əlavə, Tramp “ədalətsiz ticarət praktikaları” səbəbindən 185 ölkədən gətirilən mallara da əlavə rüsumlar tətbiq ediləcəyini və bu tədbirlərin 9 aprel tarixindən qüvvəyə minəcəyini bəyan edib.
Bəzi ölkələr yeni rüsumlara cavab tədbirləri hazırlayır. Kanada ABŞ-dan idxal olunan müəyyən nəqliyyat vasitələrinə yeni rüsumlar tətbiq edəcəyini açıqlayıb. Çin isə 10 aprel tarixindən etibarən ABŞ məhsullarına qarşı 34%-lik tarif də daxil olmaqla qarşı tədbirlər görəcəyini bəyan edib.
Avropa İttifaqı da ilkin cavab tədbirləri paketi üzərində işləyir. Yeni rüsum siyasətinə əsasən, Aİ-dən ABŞ-a idxal olunan məhsulların təxminən 70%-i əhatə olunur və bu məhsullara 20%-lik rüsum tətbiq ediləcək.


