Adam öldürməyə görə həbs olunan şəxsə - 48 il sonra bəraət verildi
ABŞ-ın Oklahoma ştatında 48 il 1 ay 18 gün həbsdə qalan 71 yaşlı Glynn Simmonsun günahsız olduğu müəyyən edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Simmons ABŞ tarixində ən uzun haqsız yerə həbs edilən şəxs olub.
O, cari ilin iyul ayında hakimin yenidən işə baxılmasına dair göstəriş verməsindən sonra sərbəst buraxılıb.
Oklahoma dairəsinin hakimi Emi Palumbo onun günahsız olduğunu elan edib. Məhkəmə aydın və inandırıcı dəlillərlə Simmonsun həbs olunduğu cinayətdə təqsirli olmadığını müəyyən edib.
Məhkəmənin qərarından sonra jurnalistlərə açıqlama verən Simmons, bu nümunənin dözümlülük və əzmkarlıq dərsi olduğunu söyləyib.
Qeyd edək ki, Simmons 1974-cü ildə Oklahoma Sitidə bir içki mağazasını qarət edərkən Karolin Syu Rocersin qətlinə görə Dan Roberts adlı şəxslə birgə ölüm cəzasına məhkum edilib. Daha sonra onların cəzası ömürlük həbslə əvəz edilib. Simmons bildirib ki, qətl baş verən zaman vətəni Luiziana ştatında olub.
Dan Roberst 2008-ci ildə şərti azadlığa buraxılıb.
Haqsız yerə həbs edilən Simmonsa 175 min dollara qədər təzminat ödənilə bilər.