Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntıların olduğu deyilir

Hit: 1431
Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntıların olduğu deyilir
Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.
 
"Report" xəbər verir ki, bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.
 
Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.
 
Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.
 
Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.
 
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.
 
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
 
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
 
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
 
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.








Redaktorun seçimi