Ölümcül virus, dəhşətli təyyarə qəzaları və siyasi qətllər...

Hit: 3215
Ölümcül virus, dəhşətli təyyarə qəzaları və siyasi qətllər...

2020-ci il bir dünya ölkələrinin yaddaşında bəlkə də tarixin ən pis ili kimi qalacaq. İlə Çində yayılmağa başlayan yeni bir virus növü haqda xəbərlərlə girdik. Geridə qoyduğumuz il koronavirus pandemiyası və onun gətirdiyi  qlobal sosial-iqtisadi təsirlər, karantin və məhdudiyyətlərin tətbiqi ilə yeni gündəlik həyat normaları, dünyada etirazlar, fəlakətlər, anti-rekordlar, müharibələr və bütün bunların fonunda 1930-cu ildən bəri ən böyük iqtisadi geriləmə ilə yadda qalacaq.

Dünyada baş verən əsas hadisələrə nəzər salaq:

Yanvarın 3-ü İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

İran Süleymaninin ölümünə görə intiqam alacağını açıqlayıb. Elə həmin gün sosial şəbəkələrdə üçüncü dünya müharibəsi ilə bağlı söz-söhbətlər də yayılmağa başlayıb.

Yanvarın 7-si İran ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirdiyini və hücum nəticəsində 80 ABŞ əsgərinin öldürüldüyünü açıqlayıb.

Bundan bir neçə saat sonra, İranın hava hücumundan müdafiə sistemi Ukraynanın “Boeing 737-800” mülki təyyarəsini ABŞ raketi ilə səhv salaraq Tehran yaxınlığında vurub.

Təyyarədə olan 176 sərnişinin hamısı həlak olub. İran səlahiyyətliləri əvvəlcə təyyarənin texniki səbəblərdən qəzaya uğradığını bildirsələr də, daha sonra Qərb liderlərinin təzyiqi altında təyyarənin insan səhvi nəticəsində vurulduğunu etiraf ediblər və lazım olan bütün təzminatları ödəməyə hazır olduqlarını açıqlayıblar.

İran və ABŞ arasında gərginlik soyuduqca koronavirus xəbərləri dünyanı bürüməyə başlayıb. 11 yanvar tarixində Çində koronavirusdan ilk ölüm halı qeydə alınıb. 

Yanvarın 17-si ABŞ Prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb.

Proses Nümayəndələr Palatasının Trampa qarşı irəli sürdüyü iki ittiham əsasında aparılıb: vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və Konqresin işinə mane olmaq. Bununla Tramp ölkə tarixində impiçmenti elan edilən üçüncü prezident olub.

Fevralın 5-də ABŞ Senatı tərəfindən verilən yekun qərara əsasən Prezident Donald Trampa impiçment proseduru çərçivəsində hər iki ittiham üzrə bəraət verilib. Senatorlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və Konqresin fəaliyyətinə mane olmaq ittihamları üzrə günahkar bilməyiblər.

Yanvarın 24-də Türkiyənin Elazığ şəhərində baş verən 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər həlak olub, 1607 nəfər yaralanıb.

Bu il Avstraliyada dəhşətli meşə yanğınları ilə də yadda qalıb. Hadisə nəticəsində 27 nəfər ölüb və 2 mindən çox insan evsiz qalıb.

Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Yanvarın 26-sı dünyaca məşhur basketbolçu Kobi Brayant vertolyot qəzasında dünyasını dəyişib.

Səhər saatlarında Kaliforniyada qəzaya düşən “Sikorsky S-76” tipli helikopterin içində “Los Angeles Lakers”in əfsanəsi ilə yanaşı 13 yaşlı qızı Cianna Mariya, üç dostu və pilot da həlak olub.

Qeyd edək ki, “Qara Mamba” ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.

31 yanvar 2020-ci ilə Böyük Britaniyanın Avropa İttifaqına 47 illik üzvlüyü sona çatır. Bu, Avropa İttifaqı tarixində hər hansı bir ölkənin üzvlükdən çıxmasına dair ilk hadisədir.

Fevralın 25-i Misirin sabiq Prezidenti Hüsnü Mübarək 92 yaşında vəfat edib. Keçmiş rəhbərin ölümünə səbəb uzun sürən xəstəlik olub.

29 fevral tarixində Dohada ABŞ və Taliban arasında  sülh razılaşması əldə olunub. Razılaşmaya əsasən, Amerika Birləşmiş Ştatları ölkədəki  qoşunlarını 14 ay ərzində ölkədən çıxaracaq.

Mart OPEC + sazişinin çökməsi ilə başlayıb: Rusiya qiymətləri sabitləşdirmək üçün neft hasilatının azaldılmasını dəstəkləməkdən imtina edib və hasilatda artıma getdiyini açıqlayıb. Bunun ardınca Səudiyyə Ərəbistanı xam neft istehsalını artıracağını və bir barreli 6-8 dollara satacağını açıqlayıb. bundan sonra 9 martda Brent markalı neftin bir barelinin qiyməti 32 dollara (1991-ci il Körfəz müharibəsindən bəri ən böyük ucuzlaşma), WTI-nin qiyməti 30 dollara enib. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

NATO müttəfiqləri Şimali Makedoniyaya qoşulma prosesini təsdiqləyib. Şimali Makedoniya 27 mart tarixində bütün rəsmi proseslərin tamamlanmasından sonra NATO-nun 30-cu üzvü olur.

ABŞ Prezidenti Donald Tramp 14 apreldə Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirməsini dayandıracağını açıqlayıb. Ağ Ev rəhbəri təşkilatı koronavirusun yayılması barədə məlumatları gizlətməkdə günahlandırıb.

Aprelin 26-sı koronavirusun meydana gəldiyi Çinin Uhan şəhərində sonuncu koronavirus xəstəsi sağalaraq xəstəxanadan buraxılıb.

Mayın 22-si Pakistan Hava Yollarına məxsus “Airbus 320” tipli sərnişin təyyarəsi Karaçi Hava limanında qəzaya düşüb. Nəticədə təyyarədə olan 99 nəfərdən 97-si həlak olub, 2 nəfər isə sağ qalıb.

Mayın 25-i ABŞ-ın Minneapolis şəhərində afro-amerikalı Corc Floyd polis işçisi tərəfindən həbs edilərkən öldürülüb. 

Hadisəyə reaksiya olaraq ABŞ-da kütləvi etiraz aksiyaları başlayıb. Şəhərlərə qoşunlar yeridilib, etirazçılarla polis arasında toqquşmalar yaşanıb, talançılar dükanları qarət edib, Ağ Evin qarşısında izdihamlı etiraz aksiyası keçirilib.

Minneapolisdə aksiyaların üçüncü gecəsində etirazçılar bir polis bölməsini yandırıblar. ABŞ-ın demək olar ki, bütün şəhərlərində polis özbaşınalığına qarşı aksiyalar keçirilib (etiraz aksiyalarında polis əməkdaşları da iştirak etməyə başlayır). ABŞ-ın ardınca etirazlar İtaliya, Fransa, Belçika və digər Avropa ölkələrinə yayılıb.

İyun ayında dünyanın 60 ölkəsində 2000-dən çox şəhərdə anti-irqçi etiraz aksiyaları təşkil edilib. Anti-irqçi hərəkat Black Lives Matter tərəfindən İyun ayında ümumilikdə 15-26 milyon amerikalının iştirak etdiyi ən böyük anti-irqçi etiraz aksiyası keçirilib.

İyulun 10-da Türkiyə Dövlət Şurası məhkəməsinin 10-cu palatası Ayasofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Belə ki, 10-cu palata məbədin muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarixli qərarını ləğv edib. Bildirilib ki, Ayasofya Fatih Sultan Mehmet Han Vəqfinin mülkiyyətindədir və məscid olaraq ictimaiyyətin xidmətinə təqdim edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan da məhkəmə qərarını təsdiqləyib.

Avqustun 4-ü Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 160 nəfər ölüb, 5 mindən çox insan yaralanıb.

Beyrut qubernatoru Marvan Abbud partlayışdan şəhərə dəyən zərərin 15 milyard dollar məbləğində qiymətləndirildiyini bildirilib.

Belarusda 9 avqustda keçirilən Prezident seçkilərində 1994-cü ildən ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko qalib gəlib. Seçkilərdən sonra ölkəni etirazlar dalğası bürüyüb, yüzlərlə şəxs saxlanılıb.

Etirazlardan təkcə paytaxt Minskə dəyən ziyan ümumilikdə 900 min Belarus rublu (594712,07 AZN) təşkil edib.

Avqustun 18-i Malidə qiyamçı hərbçilər Prezident İbrahim Bubakar Keyta və Baş Nazir Bubu Sisseni həbs ediblər. Bir neçə saat sonra Malinin Yayım və Televiziya Xidmətinin efirində çıxış edən Bubakar Keytə istefasını elan edib, həmçinin parlament və hökumətin buraxıldığı açıqlayıb.

Avqustun 28-i Yaponiyanın Baş Naziri Şinzo Abe səhhətinin pisləşməsi səbəbindən istefa verdiyini açıqlayıb.

Geridə qoyduğumuz il Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi xəbəri ilə də yaddaşlara həkk olub. Belə ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu. Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, “Noviçok”la zəhərləndiyi açıqlanmışdı.

30 oktyabrda İzmirdə 6,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 117 nəfər həlak olub, 1034 nəfər xəsarət alıb.

İzmirdə 65 saat sonra dağıntılar altından 3 yaşlı Elif Perinçek və 91-ci saatda 4 yaşlı Ayla Gezgin yaralı şəkildə çıxarılıb.

İlin dördüncü rübü yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılması səbəbindən karantin məhdudiyyətlərinin yenidən tətbiqi, təhlükəli infeksiyaya qarşı peyvəndin hazırlanmasında irəliləyiş, ABŞ Prezident seçkilərində Co Baydenin qələbəsi ilə sona çatıb.

Noyabrın 3-ü keçirilən Prezident Seçkilərində Demokratlar partiyasının namizədi Cozef Bayden rekord- 74 milyon səs toplayaraq ABŞ-ın 46-cı Prezidenti seçilib.

16 noyabrda Moldovada keçirilən Prezident seçkilərinin ikinci turunda Moldovanın keçmiş Baş naziri və “Fəaliyyət və Həmrəylik” partiyasının lideri Maya Sandu qalib gəlib.

Noyabrın 25-də dünya futbol tarixinin əfsanəsi Dieqo Armando Maradona 60 yaşında ürəktutmadan dünyasını dəyişib. Ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.

Noyabrın 27-də İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadə Tehran əyalətinin Damovənd şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib.

2020-ci ilin sonunadək dünyada “COVID-19” infeksiyasına yoluxanların sayı 80 milyonu, infeksiya nəticəsində ölənlərin sayı isə 1,5  milyonu ötüb. Yoluxmaların artması fonunda bir çox ölkə yenidən sərt karantin məhdudiyyətlərinin tətbiqinə başlayıb. Eyni zamanda, peyvənd tədqiqatlarında ilk irəliləyişlər ortaya çıxıb.

2 dekabrda Böyük Britaniya, Almaniyanın “Biontech” və “Amerikan” Pfizer şirkətləri tərəfindən birgə hazırlanan COVID-19-a qarşı BNT162b2 peyvəndinin kütləvi istifadəsini təsdiqləyən ilk ölkə olub.

Bundan əlavə, koronavirusa qarşı 52 potensial peyvəndin klinik sınaqlarına başlanılıb.









Redaktorun seçimi