ATU-da yenilik: tələbə yeməkxanasında xüsusi pəhriz menyusunun tətbiqinə başlanılıb

Hit: 174
ATU-da yenilik: tələbə yeməkxanasında xüsusi pəhriz menyusunun tətbiqinə başlanılıb
Azərbaycan Tibb Universiteti (ATU) tələbələrin sağlamlığının qorunması və düzgün qidalanma vərdişlərinin təşviqi istiqamətində yeni təşəbbüsə start verib. Universitetin tələbə yeməkxanasında ilk dəfə olaraq xüsusi hazırlanmış 5 günlük pəhriz menyusunun tətbiqinə başlanılıb.
 
Tələbələrin intensiv dərs qrafiki, imtahan stressi və bəzən nizamsız qidalanması onların sağlamlığına, xüsusilə də həzm sisteminə mənfi təsir göstərə bilən amillərdəndir. Bu reallığı nəzərə alan ATU-nun Qidalanma və tibbi ekologiya kafedrası tələbələrin sağlam və balanslaşdırılmış qidalanmasını təşviq etmək, həzm sistemi problemlərinin profilaktikasına töhfə vermək məqsədilə xüsusi menyu hazırlayıb.
 
Artıq tələbə yeməkxanasının mətbəxinə təqdim edilən və tətbiqinə başlanılan 5 günlük pəhriz menyusu yalnız nahar yeməklərini əhatə edir. Menyuda sağlam və yüngül qidalanma prinsiplərinə uyğun olaraq:
 
- buxarda və sobada bişirilən yeməklər;
 
- pəhriz şorbaları və yüngül sıyıqlar;
 
- müxtəlif meyvələrdən hazırlanan kompotlar (xoşab) yer alır.
 
“Sağlam qidalanma, sağlam gələcək” adlanan bu təşəbbüs çərçivəsində daha bir yenilik də tətbiq olunub. Belə ki, tələbələrin gündəlik qida rasionunun vitaminlərlə zənginləşdirilməsi məqsədilə yeməkxanada ilk dəfə müxtəlif çeşiddə meyvələr də təklif edilir.
 
Tələbələrin yalnız təhsili deyil, sağlamlığını da daim diqqətdə saxlayan Azərbaycan Tibb Universitetinin bu təşəbbüsü Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) də birbaşa xidmət edirt. Belə ki, bu yenilik DİM-lərdən 3-cü məqsəd – “Sağlamlıq və rifah” və 4-cü məqsəd – “Keyfiyyətli təhsil” istiqamətləri ilə səsləşir. Sağlam qidalanma yalnız fiziki sağlamlığın qorunmasına deyil, eyni zamanda tələbələrin zehni fəallığına, diqqət və öyrənmə qabiliyyətinə də müsbət təsir göstərən mühüm amillərdəndir.
 
ATU-nun bu təşəbbüsü universitet mühitində sağlam həyat tərzinin təşviqi, tələbələr arasında düzgün qidalanma mədəniyyətinin formalaşdırılması və sağlam gələcəyin təmin olunması baxımından əhəmiyyətli addımdır.






Redaktorun seçimi