Ən böyük hədəfim peşəkar futbolçu olmaqdır - Təvəkkül Əlizadə - FOTOLAR
13 yaşlı Təvəkkül Əlizadə artıq üç ildən çoxdur ki, futbolun sirlərini öyrənir və bu idman növünə böyük həvəslə yanaşır. Cristiano Ronaldonun oyunlarından ilham alaraq futbola qədəm qoyan gənc istedad bu gün Bakıda Şəfa stadionunda fəaliyyət göstərən Yeni Bakı Futbol Klubunda müntəzəm məşq edir. Ən böyük arzusu isə gələcəkdə peşəkar futbolçu olmaq və böyük arenalarda uğur qazanmaqdır.
Təvəkküllə futbola olan sevgisi, hədəfləri və gələcək planları barədə həmsöhbət olduq.
Təvəkkül, əvvəlcə özünü oxucularımıza təqdim et
Mən Təvəkkül Əlizadə, 13 yaşım var. Artıq 3 ildən çoxdur ki, futbol ilə məşğulam. Futbol həyatımın ayrılmaz hissəsinə çevrilib və gələcəyimi də bu idman növü ilə bağlamaq istəyirəm.
Futbola marağın necə yarandı?
Futbola marağım 2017-ci ildə başladı. Cristiano Ronaldonun oyunlarını izlədikcə ona heyran oldum. Onun əzmkarlığı, sürəti, qolları və heç vaxt təslim olmaması məni çox təsirləndirdi. Məhz Ronaldonun sayəsində futbola başladım.
Futbol həyatında ilk addımlarını necə xatırlayırsan?
İlk məşqlərim mənim üçün çox həyəcanlı idi. Əvvəllər çətinlik çəkirdim, amma zaman keçdikcə öz üzərimdə daha çox işlədim. Hər məşq mənə yeni bilik və təcrübə qazandırdı.
Hazırda hansı klubda məşq edirsən?
Hazırda Bakıda yerləşən Şəfa stadionunda fəaliyyət göstərən Yeni Bakı Futbol Klubunda məşq edirəm. Hər gün məşqlərdə iştirak edir, fiziki və texniki hazırlığımı artırmağa çalışıram.
Ən çox hansı futbolçunu və hansı klubu bəyənirsən?
Ən çox Cristiano Ronaldonu sevirəm. Onu həm futbolçu, həm də xarakter baxımından özümə nümunə hesab edirəm. Azarkeşi olduğum klub isə Real Madriddir. Bu komandanın oyunlarını böyük maraqla izləyirəm.
Məşqlərdən kənarda futbol üçün nələr edirsən?
Boş vaxtlarımda futbol oyunlarına baxıram, müxtəlif məşq videolarını izləyirəm və özümü inkişaf etdirmək üçün çalışıram. Hər gün daha yaxşı futbolçu olmaq istəyirəm.
Futbolda səni motivasiya edən əsas amil nədir?
Ən böyük motivasiyam arzularıma çatmaqdır. Bilirəm ki, uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Hər məşqə özümü sübut etmək və daha da inkişaf etmək məqsədi ilə çıxıram.
Gələcək üçün əsas hədəfin nədir?
Ən böyük arzum peşəkar futbolçu olmaqdır. Gələcəkdə yüksək səviyyəli klublarda oynamaq, ölkəmi beynəlxalq arenada təmsil etmək və bir gün Real Madrid formasını geyinmək istəyirəm. Bunun üçün əzmlə çalışıram və inanıram ki, zəhmətimin bəhrəsini görəcəyəm.
Sənin kimi futbolçu olmaq istəyən yaşıdlarına nə demək istərdin?
Heç vaxt arzularınızdan vaz keçməyin. Çətinliklərdən qorxmayın, hər gün məşq edin, özünüzə inanın və məqsədinizə doğru irəliləyin. Əgər əzmlə çalışsanız, uğur mütləq gələcək.



































































