ATU-nun karateçi tələbələri üçün Nabran düşərgəsində təlim-məşq toplantısı keçirilib

Hit: 163
ATU-nun karateçi tələbələri üçün Nabran düşərgəsində təlim-məşq toplantısı keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” Tədris İdman Mərkəzinin təşkilatçılığı ilə karate bölməsinin tələbə-idmançıları üçün təlim-məşq toplantısı keçirilib. 
 
Universitetin Nabranda yerləşən “Təbib” istirahət-sağlamlıq düşərgəsində təşkil olunan və iki gün davam edən əsas təlim proqramı tələbə-idmançıların fiziki hazırlığının artırılması, texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsi, idman intizamının möhkəmləndirilməsi və komanda ruhunun inkişaf etdirilməsi məqsədi daşıyıb.
 
“Təbib” Tədris İdman Mərkəzinin müdiri, 5-ci Dan qara kəmər ustası Qələndər Aslanovun rəhbərliyi ilə baş tutan təlim-məşq toplantısında Mərkəzin müxtəlif idman istiqamətlərini təmsil edən mütəxəssisləri – əməkdar məşqçi Ələkbər Əliavsarov və Respublika dərəcəli hakim Şükür Bayramov da iştirak ediblər. 
 
Təlim məşqləri düşərgənin əlverişli təbii şəraitindən istifadə edilməklə həm dəniz kənarı, həm də düşərgə ərazisində keçirilib. Açıq havada təşkil olunan məşqlər tələbə-idmançıların fiziki hazırlığının inkişafına, dözümlülük və çeviklik qabiliyyətlərinin artırılmasına, eləcə də idmana olan maraqlarının daha da güclənməsinə xidmət edib. 
 
Təlimlər zamanı karate idman növünün əsas texniki elementləri, fiziki hazırlıq çalışmaları, döyüş bacarıqları və idmançının psixoloji hazırlığı ilə bağlı müxtəlif məşğələlər yerinə yetirilib. 
 
Tədbir çərçivəsində tələbə-idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə kyu test kəmər dərəcə imtahanı da keçirilib. İmtahanlarda iştirak edən 9 tələbə-idmançı müxtəlif kyu dərəcələri üzrə sınaqlardan uğurla keçərək növbəti mərhələyə yüksəlib və yeni kəmər dərəcələri əldə ediblər.  
 
Təlim-məşq toplantısı çərçivəsində ATU Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri, dosent Cahangir Qasımovun tələbə-idmançılarla görüşü də baş tutub. Görüşdə ATU HİK sədri onların universitetin idman şərəfini layiqincə qorumalarını, müxtəlif yarışlarda əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirərək, gənc idmançıları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. C.Qasımov tələbələrə düşərgənin yaranma tarixi haqqında da ətraflı məlumat verib, onları ərazi ilə tanış edib və burada yaradılmış şərait barədə danışıb. 
 
Ümumilikdə təlim-məşq toplantısı tələbə-idmançıların idman hazırlığının yüksəldilməsi, yeni təcrübə qazanması və sağlam həyat tərzi prinsiplərinin təşviqi baxımından uğurlu və yaddaqalan tədbir olub.






Redaktorun seçimi