“Qara Qarayev” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

Hit: 604
“Qara Qarayev” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR
28 aprel 2026-cı il tarixində Avropa Azərbaycan Məktəbində Türkiyəli idman yazarı Murad Aksoyun müəllifi olduğu “Qara Qarayev” kitabının təqdimatı və imza günü baş tutub.
 
Faktor.az xəbər verir ki, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş bioqrafik əsər Azərbaycan milli yığmasının müdafiəçisi, uzun illər “Qarabağ” Futbol Klubunun forması ilə mübarizə aparmış tanınmış futbolçu Qara Qarayevin həyat və uğur yolundan bəhs edir.
 
Kitabda Qara Qarayevin futbol meydanındakı mübarizəsinin yalnız idman uğurları ilə məhdudlaşmadığı, onun həm də Qarabağın haqq səsini, mübarizə tarixini və zəfər ruhunu dünyaya çatdırmaq missiyası daşıdığı xüsusi vurğulanır. Məcburi köçkünlük dövründən keçən “Qarabağ” klubunun və eyni taleyi yaşayan futbolçunun uğur hekayəsi gənc oxucular üçün motivasiya mənbəyi kimi təqdim olunur.
 
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev və kitabın əsas qəhrəmanı Qara Qarayev iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini açaraq qonaqları salamlayıb, Qara Qarayevi yeni kitab münasibətilə təbrik edib.
 
Təqdimat mərasiminin fəxri qonağı, Gənclər və İdman Naziri Fərid Qayıbov futbolçunun Azərbaycan idmanına verdiyi töhfələrdən danışıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və kitabın ərsəyə gəlməsində əməyi olan komandaya təşəkkürünü bildirib.
 
Layihənin ideya müəllifi Günel Həsənova çıxışında tədbir iştirakçılarını salamlayaraq kitabın hazırlanmasında iştirak edən TEAS Press kollektivinə təşəkkür edib və Qara Qarayevi bu mühüm bioqrafik əsər münasibətilə təbrik edib.
 
TEAS Press nəşriyyat evinin 3 Alma brend meneceri Arzu Cəfərova isə kitabın hazırlanma prosesi, oxucuların və azarkeşlərin əsərə göstərdiyi yüksək maraq barədə fikirlərini bölüşüb.
 
Tədbir çərçivəsində musiqi parçaları təqdim olunub, “Belə-belə işlər” komandasının Qara Qarayev üçün xüsusi hazırladığı qısa film nümayiş etdirilib. Həmçinin, futbolçunun məktəbli fanatları səhnədə çıxış edərək ona olan sevgilərini və dəstəklərini ifadə ediblər. Bu xüsusi proqram tədbirə daha emosional və yaddaqalan ab-hava qatıb.
 
Tədbirin sonunda Qara Qarayev oxucular üçün kitab imzalayıb, iştirakçılar və azarkeşlərlə xatirə fotoları çəkdirib. “Qara Qarayev” kitabı gənc nəslə əzm, vətənpərvərlik, mübarizə və uğura gedən yol barədə ilham verməyi qarşısına məqsəd qoyur. Bu bioqrafik əsər futbolsevərlər və motivasiya axtaran yeniyetmələr üçün dəyərli nəşr kimi qiymətləndirilir.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1






Redaktorun seçimi