“MADANİ” platforması Belçikada futbol turniri təşkil edib - FOTOLAR

Hit: 180
“MADANİ” platforması Belçikada futbol turniri təşkil edib - FOTOLAR
Belçikada fəaliyyət göstərən “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təşkilatçılığı, Azərbaycanın Belçikadakı Səfirliyinin dətəyilə keçirilən sayca 2-ci Suqovuşan beynəlxalq mini futbol turnirində Avropada yaşayan soydaşlarımız, Belçikada fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 
Belə ki, 21 komandanın qatıldığı mini futbol turnirində Belçika, Almaniya, Niderland, Lüksemburq və Fransadan olan soydaşlarımızla yanaşı, Brüsseldə yerləşən NATO Baş Qərərgahının, Türkiyə, Pakistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Azərbaycan Səfirliklərinin və ölkəmizin AŞPA Strasburq nümayəndəliyinin əməkdaşları da mübarizə aparıblar.
 
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Belçika və Avropada yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndə və icmaları arasında  əlaqə və bağları gücləndirmək olub.
 
Tədbir iştirakçılarını salamlayan “MADANİ” platformasının təsisçisi Emin Əliyev turnir iştirakçılarına uğurlar arzu edib : “Böyük fəxarətlə qeyd etmək istəyirəm ki, bu il Avropada soydaşlarımızın ən böyük turnirlərindən birini həyata keçiririk. Bu tədbir vasitəsilə biz Avropanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızı, yerli insanları və digər icmaları bir araya gətirməyi, onlarla paylaşmağı, sevinməyi və bir ailə olmağı bacarmışıq. Digər ən gözəl məqamlardan biri odur ki, böyüklərlə yanaşı soydaşlarımızın uşaq komandaları da bu turnirdə iştirak etmişdir. Bu, həm ruhlandırıcı, həm də gələcək nəsillərin bu ruhda böyüməsi üçün çox dəyərli bir fürsətdir. Suqovuşan Kuboku bir daha sübut edir ki, idman – sülhün, anlayışın və dostluğun ən gözəl dilidir.”
 
Daha sonra Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Vaqif Sadıqov çıxış edib və turnir iştirakçılarına Suqovuşanın ölkəmizin tarixi, mədəniyyəti və coğrafiyasındakı yeri haqqında məlumat verib. Səfir 28 May – Müstəqillik Gününün önəmini diqqətə çatdıraraq, soydaşlarımızın, icmaların birliyinin və qarşılıqlı fəaliyyətinin gücləndirilməsində idmanın rolunu vurğulayıb. 
 
E.Əliyev Azərbaycanın Belçika səfirliyinə xüsusi minnətdarlığını ifadə edərk bildirib ki, diplomatik nümayəndəlik artıq ikinci ildir turnirin keçirilməsinə dəstək verir və onun uğurlu olması üçün böyük səy göstərib.
 
Daha sonra Vaqif Sadıqov və iştrakçı ölkələrin səfir və nümayəndələri ilə topa rəmzi toxunuş edərək turniri rəsmi olaraq açıq elan ediblər.
 
Turnir NATO-nun mənzil-qərargahı komandasının qələbəsi ilə yekunlaşıb. İkinci yeri Belçikadakı həmvətənlərimizi təmsil edən “MADANI Heroes” komandası tutub. Qalib komanda "Suqovuşan" kuboku və qızıl medallar, 2-ci və 3-cü yeri tutan komandalar isə müvafiq olaraq "Suqovuşan" gümüş və bürünc kubok və medalları, eləcə də Azərbaycan suvenirləri ilə mükafatlandırılıb. Uşaq komandalarına da medal və kuboklar təqdim edilib.
Turnir Avropada ilk onlayn Azərbaycan radiosu olan RadiOcto, habelə AzTv və ReportAz-ın Avropa büroları vasitəsilə işıqlandırılmışdır.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi