Sonadək döyüşəcəyik - Qara Qarayev

“Qarabağ”a qarşı oynamaq hər zaman çətindir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” komandasının futbolçusu Qara Qarayev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, meydanda layiqli mübarizə apardıqlarını bildirib: “Yaxşı hücumlar qura bildik. Real qol şanslarımız oldu. İmkanlarımızdan yararlana bilsəydik, bəlkə də fərqli ssenari ola bilərdi”.
Q.Qarayev matçda iki epizodun mübahisəyə açıq olduğunu söyləyib: “Oyun vaxtı iki müəmmalı epizod var idi. Birincisi, məncə, Karlos Jatoba ilə Bəhul Mustafazadə arasında olan vəziyyət penalti idi. Hakimin dediyinə görə, orada ciddi nəsə yox idi. Biz də bir söz deyə bilmərik. İkincisi isə Yassin Benziyanın hərəkəti idi. Referi həmin epizoda sarı vərəqə göstərməklə kifayətləndi”.
Təcrübəli yarımmüdafiəçi “Araz-Naxçıvan”ın yaxşı yerlərə layiq olduğunu söyləyib: “Yanvardan sonra heyətlə bağlı ciddi problemlərimiz oldu. Mən də bir ay oynamadım. Zədəli futbolçuların geri dönməsi və onların optimal forma yığması vaxt apardı. Buna baxmayaraq, sonadək döyüşəcəyik. Avrokuboklara getmək bizim üçün stimul olacaq”.
Qeyd edək ki, Naxçıvan klubu iki görüşün nəticəsinə əsasən, “Qarabağ”a 1:3 hesabı ilə uduzaraq kubokla vidalaşıb.


