Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti - ECOSOC Gənclər Forumunda

BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilmiş 2025-ci il ECOSOC Gənclər Forumu uğurla başa çatıb.
Forumda Azərbaycanı Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinin tərkibində nazirliyin Aparat rəhbəri Amil Xudiyev, Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, baş məsləhətçi Şərqiyyə Həsənova və Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə olub.
Forum çərçivəsində keçirilən plenar sessiyada çıxış edən Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova “İnklüziv gələcək üçün sosial inkişaf və gənclərin həll yolları” (“Social development – youth solutions for an inclusive future”) mövzusunda Azərbaycan təcrübəsini və yanaşmalarını bölüşüb, ölkəmizdə bu sahədə görülən işlər, gənclər üçün imkanlar, strateji istiqamətlər, gənclər evlərinin fəaliyyəti, COP29 Gənclər Evinin və tədbirlərinin mahiyyəti barədə məlumat verib.
Nümayəndə heyətinin üzvləri Forum müddətində bir sıra tematik sessiyalarda, panel müzakirələrdə iştirak edib və beynəlxalq tərəfdaşlarla görüşlərdə gənclər sahəsində mövcud perspektivləri, əməkdaşlıq imkanlarını müzakirə edib, təcrübə mübadiləsi aparıblar.


