Zəfər Günü Azərbaycan xalqının ən qürurlu və fəxarətli günüdür!
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən dörd il ötür.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Böyük hörmət və ehtiramla bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Bir məqamı bildirmək istərdim ki, Vətən müharibəsində Alpaqut Federasiyasının idmançıları böyük şücaət göstərmişdir. Vətən uğrunda döyüşən idmançılarımızdan 2 nəfər şəhidlik zirvəsinə ucalmışdır.
Ümumilikdə 41 müharibə iştirakçısı və 3 qazi sağlamlığını Vətənin azadlığı uğrunda fəda etməkdən çəkinməmişdir.
Bu gün böyük qürur hissi ilə şəhidlərimiz İlkin Məmmədov və Emil Şamilovu yad edir, onların əziz xatirəsini hər zaman uca tutulmasını özümüzə borc bilirik. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür!
Qarabağ Azərbaycandır!
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Fuad Quliyev