Paris Olimpiadası idmançılarımızın tarixi uğurları ilə yadda qaldı
Artıq XXXIII Paris Yay Olimpiya Oyunları tarixin yaddaşına qovuşub. Qeyd edək ki, bu idman bayramında ölkəmiz 15 idman növü üzrə idmançı ilə təmsil olunurdu. Ümumilikdə 7 medal - 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanan idmançılarımız Azərbaycanın adını bird aha beynəlxalq idman tarixinə qızıl hərflərlə yazdırdılar. Dünyanın 200-dən artıq dövlətinin iştirak etdiyi ən böyük idman tədbirində ölkəmizin ümumi sıralamada 30-cu olması böyük nailiyyətdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Parisdə ölkəmizi uğurla təmsil edən idmançılarımızı və onların məşqçilərini qəbul edərəkən bu məqamlara xüsusi diqqət çəkdi. Azərbaycan idmançılarının ölkəmizə qarşı qərəzli və düşmən mövqeyi ilə seçilən Fransanın paytaxtında tarixi göstəriciyə imza atması, bizdən ötrü, həm də siyasi uğurdur. Hərçənd ki, rəsmi Paris bu idman yarışından manipulyasiya edərək, öz çirkin niyyətlərini büruzə verməyə də imkan tapmışdı. Əlbəttə ki, bizlər bu davranışı gözləyirdik. Lakin idmançılarımızın uğurlu nəticələri bir daha göstərdi ki, Azərbaycan təkcə siyasi, iqtisadi, hərbi cəhətdən güclü dövlət deyil, ölkəmiz, həm də idman ölkəsidir. Ölkə başçımız idmançılarımızın Paris-2024-dəki çıxışına yüksək qiymət verərək, yığma üzvləri və onların məşqçiləri təltif etdi. Bu gün ölkəmizdə idmana göstərilən dövlət qayğısı onu deməyə əsas verir ki, idmançılarımız bundan sonra da iştirak etdiyi idman yarışlarında tarixi uğurlara nail olacaqlar.
Fəxrəddin Mürvətov;
Neftçala rayonu, idmançı