Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu - FOTOLAR

Hit: 582
Çempion “Araz-Naxçıvan” qızıl medallarına qovuşdu - FOTOLAR
“Cahan Holding”-in sponsorluq etdiyi “Araz-Naxçıvan” Futbol Klubu Azərbaycan 1-ci Divizion 2022/23-cü illər mövsümünün çempionu olaraq möhtəşəm tədbirlə qızıl medallarına qovuşub. Klub çempionluğunu iki tur qabaqdan təmin etsə də, mükafatlandırma  23 mayda, Divizionun axırıncı oyunu, 2:0 hesabı ilə bitən “Araz-Naxçıvan”-Zaqatala görüşündən sonra baş tutub. Hər iki qolu turnirin bombardiri Orxan Əliyev vurub. 
 
Naxçıvan Şəhər Stadionunda oyun sonrası təşkil edilən mərasimdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, AFFA nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının(NFF) sədri və “Cahan Holding”-in qurucusu Vüqar Abbasov, “Araz-Naxçıvan” FK-nın rəhbər heyəti, həmçinin Naxçıvan Muxtar Respublikasından dövlət nümayəndələri və görkəmli şəxsləri iştirak ediblər.  
 
Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov “Araz-Naxçıvan” klubunun çempionluğu üçün görülən işlərdən danışaraq bildirib ki, “klub demək olar sıfırdan yaradılıb, stadion təmir olunub, təbii qazonla örtülüb, işıq və səs sistemi quraşdırılıb, uşaq futbolunu inkişaf etdirmək üçün futbol akademiyası yaradılıb. Klubun sponsoru “Cahan Holding” futbolçuların çempion olması üçün tələb olunan hər şeyi edib. Bundan sonra da klubun yüksək liqada uğur qazanması üçün lazımı işlərin görüləcəyinə əminəm.”
Çıxışlardan sonra fəxri qonaqlar “Araz-Naxçıvan” klubunun futbolçularına doğma meydanda, doğma azarkeşləri qarşısında qızıl medallarını və çempion qubokunu təqdim ediblər.  
 
Təltif etmə mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib. Azarkeşlər Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun,  Azərbaycan Respublikasının Əməkdar artisti Fərid Əliyevin ifasında mahnılar dinləyib, Naxçıvan Muxtar Respublikasının sevilən “Ponpon” bədi gimnastika qrupunun rəqslərinə tamaşa edib xoş vaxt keçiriblər. 
 
1
1
1
1








Redaktorun seçimi