"Gəncə" Basketbol Klubu Azərbaycan kubokunun ilk qalib adına yiyələnib

Hit: 337
"Gəncə" Basketbol Klubu Azərbaycan kubokunun ilk qalib adına yiyələnib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Kubokunun qalibi olan “Gəncə” Basketbol Klubunun üzvləri ilə görüş keçirib. Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Müşviq Cəfərov, icra hakimiyyəti başçısının 1-ci müavini Səməd Tomuyev, klubun məşqçiləri və üzvləri iştirak ediblər.
 
Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idman sahəsinə olan xüsusi diqqət və qayğısından bəhs edib. Şəhər rəhbəri həmçinin, ilk dəfə keçirilən yarışda komandanın əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib və bunun Gəncə idmanı adına xüsusi uğur olduğunu vurğulayıb. İcra başçısı komandanı əldə etdiyi qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb.
 
Baş İdarə rəisi Həmid Nəsirov və deputat Müşfiq Cəfərov da basketbolun Nizami yurdunda futbol qədər sevildiyini, azarkeşlərin oyunlar zamanı tribunaları doldurduğunu qeyd edib və basketbol klubuna yeni nailiyyətlər diləyib.
 
“Gəncə” Basketbol Klubunun məşqçisi Rizvan Səfərov klubun fəaliyyətindən danışıb. Klubun cari mövsümdə Azərbaycan çempionatında da uğurlu çıxış etdiyini bildirib. Əlavə edib ki, kubokdakı nəticəni çempionatda da təkrarlamaq arzusundadırlar.
 
Komandanın kapitanı Amil Həmzəyev ölkə kuboku uğrunda yarışın ilk dəfə keçirildiyini söyləyərək bu səbəbdən də kubokun ilk sahibində həmişəlik qalacağını bildirib.
Görüşdə Niyazi Bayramova komandanın forması hədiyyə olunub. Bununla yanaşı, şəhər rəhbəri ev oyunlarına dəvət edilib.
 
Sonda xatirə şəkli çəkdirilib.








Redaktorun seçimi