V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz siyasi hədəfinə nail olmadı

Hit: 1597
V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz siyasi hədəfinə nail olmadı
İslam Həmrəylik Oyunları dörd ildən bir keçirilən beynəlxalq idman tədbiridir. Bu Oyunlarda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. Digər Beynəlxalq təşkilatlar kimi məsələn: MDB-yə üzv dövlətlər arasında keçirilən idman oyunları, BMT-yə üzv dövlətlərin ofisləri arasında keçirilən idman oyunları, TDT-yə üzv dövlətlər arasında keçirilən idman tədbirləri və Pan-Afrika, Pan-Amerika və digər bu tip yarışlar təşkilatdaxili üzv dövlətlər arasında idman vasitəsi ilə əlaqələrin davamlı inkişafını və dövlətlərarası inteqrasiyanı hədəfləyən qlobal idmanın siyasi platformasıdır. 
 
Bu fikirləri  politoloq (Qlobal idman siyasəti üzrə) Pərvin Mehdiyev İslam Həmrəyliyi Oyunları haqqında danışarkən bildirib.
 
57 dövlətin üzv olduğu təşkilatın ilk İslam Həmrəylik Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçirilmişdir. Həmçinin onu da qeyd edim ki, Oyunlarda təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşları da iştirak edə bilər. İlk Oyunlara 103 idmançı ilə qatılan Azərbaycan 4 qızıl, 4 gümüş və 7 bürünc (ümumi 15 medal) medalla 8-ci yerdə bərqərar olmuşdu. II İslam Həmrəylik Oyunlarının 2009-cu ildə İranda keçirilməsi planlaşdırılmasına baxmayaraq yaranan fikir ayrılığı səbəbindən ləğv edilmişdi. Növbəti III İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində baş tutmuşdu. Bu Oyunlara 53 idmançı ilə qatılan Azərbaycan 6 qızıl, 9 gümüş və 9 bürünc (ümumi 24 medal) medalla yenə 8-ci yerdə bərqərar olmuşdu. 2017-ci il paytaxtımız Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunlarında ev sahibi kimi bütün idman proqramlarında iştirak edən ölkəmiz 75 qızıl, 50 gümüş və 37 bürünc (ümumilikdə 162 medal) medalla əyyar üzrə ölkə sıralamasında 1-ci yeri tutmuşdu. Bu yarışda qardaş ölkəmiz Türkiyə qonaq ölkə kimi ən çox iştirakçı ilə yarışlara qatılaraq 71 qızıl, 67 gümüş və 57 bürünc (ümumilikdə 195 medal) medalla əyyar sıralamasında 2-ci yeri, ondan sonra 39 qızıl, 26 gümüş və 33 bürünc (ümumilikdə 98 medal) medalla İran 3-cü yeri və 15 qızıl, 17 gümüş və 31 bürünc (ümumilikdə 63 medal) medalla Özbəkistan 4-cü yeri tutmuşdu. İslam Həmrəyliyi Oyunları tarixində ilk dəfə olaraq, ölkəmiz ən yüksək nəticəni göstərməyə müvəffəq olmuşdu.
 
Dünyada baş verən kovid-19 pandemiyası ilə əlaqədar olaraq, 2021-ci ildə keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunları 2022-ci ilin 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkili mümkün olmuşdur. Bu Oyunlarda iştirak edən 56 ölkə arasında 300-dən çox idmançı ilə qatılan Azərbaycan iştirakçı sayına görə ev sahibi Türkiyədən sonra 2-ci, qonaq ölkə kimi 1-i olmuşdur. Bu qədər geniş heyətlə iştirak edən ölkəmizin əsas hədəfi yenədə əyyar sıralamasında birinci olmasaqda ən azından daha yüksək nəticə ilə ölkəmizə qayıtmaq idi. Beləliklə, Oyunların yekununda medal sıralamasında 145 qızıl, 107 gümüş və 89 bürünc (ümumilikdə 341 medal) medalla Türkiyə 1-ci yer, 51 qızıl, 42 gümüş və 65 bürünc (ümumilikdə 158 medal) medalla Özbəkistan 2-ci yer, 39 qızıl, 44 gümüş və 50 bürünc (ümumilikdə 133 medal) medalla İran 3-cü yer və nəhayət 29 qızıl, 36 gümüş və 34 bürünc (ümumilikdə 99 medal) medalla Azərbaycan 4-cü yerdə bərqərar olmuşdur.
 
Siz necə düşünürsüz Azərbaycanın əldə etdiyi nəticəni yüksək qiymətləndirmək olarmı ?
 
Bilirsiz bir vətəndaş kimi ölkəmiz adına əldə edilən hər bir nəticəni yüksək qiymətləndirirəm. Bir dəfə də olsa bayrağımız fəxri kürsüdə yüksəklərə qalxırsa, himnimiz səsləndirilirsə bu bizim qurur mənbəyimizdir. Bu işdə ən böyük yük meydanda mübarizə aparan idmançılarımızın üzərinə düşür və idman arenasında qələbələrdə onların əziyyəti danılmazdır. Amma siyasi və analitik təhlillər apardığımız zaman adiyatı qurumun elan etdiyi 300 idmançı, onlarla idman jurnalisti, onlarla könüllü azərkeş qrupu və digər rəsmi şəxs və mütəxəssislərin ezam edilməsinə (500 nəfərdən çox heyət) baxdıqda qarşıya qoyulan məqsədin nə olduğu aydın görünürdü. Əsas məqsəd 2017 Bakı İslam Həmrəyliyi Oyunlarında qonaq ölkə olan qardaş Türkiyə kimi Azərbaycanın da Türkiyədə əldə etdiyi nəticənin yəni medal sıralamasında 2-ci yerdə bərqərar olması olmuşdur. Lakin medal sıralamasında 2-ci yerdə Özbəkistan, 3-cü yerdə İranın olması Bakıda keçirilən Oyunlarda İranın 3-cü, Özbəkistanın 4-cü yerdə olması ilə müqayisələndirdikdə qarşıya qoyulan məqsədin təmin olunmadığının şahidi oluruq. Mövcud vəziyyətə uyğun məqsəd və hədəfləri müəyyən edən zaman göründüyü kimi ölkəmizin idman potensialının artırılmasında koneseptual planlama və davamlı inkişafın təmin edilməsi məsələsi aktuallaşır. Hər bir halda idmançılarımızı əldə etdiyi nəticələrlə bağlı təbrik edir onlara qarşıda gələn beynəlxalq yarışlarda müvəffəqiyyətlər arzu edirəm.

Faktor.az








Redaktorun seçimi