Məşhəd və Kərbəla ziyarəti qaydaları dəyişir

Hit: 3885
Məşhəd və Kərbəla ziyarəti qaydaları dəyişir
Azərbaycanda dini ziyarətlərin təşkili qaydaları sərtləşdiriləcək. Bu barədə mətbuata Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.
 
Komitə sədri deyib ki, Məşhəd və Kərbəlaya ziyarət təşkil edənlər bir çox halda bunu biznesə çevirib: “Bəziləri orada pulsuz vəziyyətdə qalır, dövlət onların qayıtmasına kömək etməli olur. Yaxud uşaqlar aparılır, orada itir. Ona görə də din xadimləri bu məsələyə nəzarəti artırmalıdır. Qanunvericilikdə də bu məsələlər sərtləşdiriləcək. Məşhədə, Kərbəlaya getmək səyahət deyil, ziyarətdir. Bu səfərə gedənlər kiminsə təsirinə də düşə bilər. Yerlərdə çalışan qazılar, imamlar bu kimi işlərlə məşğul olanlarla təmas qurmamalıdır. Bu, gələcəkdə sistemli şəkildə QMİ-nin nəzarətində olmalıdır. Bəzən məsciddə çalışan kimsə belə səfərlərə dəstək olur, bu da QMİ-nin nüfuzuna zərbə vura bilər. Bu ziyarətləri təşkil edənlərin çoxunun dinə aidiyyəti yoxdur, turist səfəri kimi qazanc məqsədilə təşkil edirlər”.
 
Qeyd edək ki, dini ziyarətgahlarla bağlı qanunvericiliyin sərtləşdiriləcəyi haqda açıqlamanı ötən həftə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov da demişdi. S.Novruzov “Report”a bildirmişdi ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək.
 
Milli Məclisin komitə sədri bununla bağlı təkliflərin irəli sürüldüyünü, bu təkliflər arasında qiymət, hotelə yerləşmə, yaradılan şəraitin formaları məsələsinin əksini tapdığını deyib.
 
Sitat: “Bilirsiniz ki, Azərbaycan vətəndaşları hər il xarici ölkələrə müqəddəs yerləri ziyarət etmək üçün gedirlər. Onlar oradan necə qayıdır, əsas məsələ budur... Yəni müxtəlif qruplar bu səfərləri təşkil edir. Təşkilatçılar onları necə aparırlar, ziyarətçilər orada kimlərlə təmasda olurlar, beyinlərinə nə doldururlar, ziyarətdən başqa nə ilə məşğul olurlar? Həmin səfərin iştirakçılarının özləri də bildiriblər ki, orada onlara müxtəlif təkliflər edilib. Burada yalnız müsəlman ziyarətgahlarından söhbət getmir. Tutaq ki, kimsə xarici ölkəyə turistik səfər edirsə, bu, başqa məsələdir. Müqəddəs yerlərə ziyarətə getmə isə tamam başqa məsələdir. Müəyyən problemlər var, bununla əlaqədar addımlar atılacaq. Yəqin ki, yeni qanun qəbul ediləcək. ”Turizm haqqında" Qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur".
 
S.Novruzov qeyd edib ki, bu məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və aidiyyəti olan digər dövlət qurumları ilə müzakirə ediləcək. Mübariz Qurbanlının bugünkü açıqlaması göstərir ki, yaxın zamanlarda dini ziyarətlərlə bağlı ciddi tədbirlər hazırlanacaq. Ancaq necə? Qanunlar vətəndaşın xarici ölkəyə səfərinə hansı formada qadağa və ya məhdudiyyət qoyacaq?
 
Məsələ ondadır ki, həm dini komitə sədrinin, həm də MM üzvünün söylədiklərinin həqiqət payı var. Dini ziyarətlərin təşkilində neqativlər mövcuddur, az qala hər il ziyarət təşkilatçılarından kimlərsə zəvvarları aldadır və ya hansısa problemlər yaranır. Lakin bu problemləri məhdudiyyət və ya qadağa ilə həll etmək demək olar ki, mümkün deyil.
 
Məsələ ondadır ki, Məşhəd və Kərbəla ziyarətləri daha kütləvidir. Məsələn, hər il İrana orta hesabla bir milyon azərbaycanlı səfər edir. Bunların arasında çoxlu sayda Məşhəd və Kərbəla, yəni İraqdakı ziyarətgahlara gedən insanlar var. Təkcə Ərbəin, yəni Aşuranın 40-cı günü mərasimlərində iştirak etmək üçün hər il Azərbaycandan 15 mindən çox insan İraqa gedir. Müqayisə üçün qeyd edək ki, Həcc ziyarətinə ən kütləvi azərbaycanlı zəvvar səfəri 2005-2008-ci illər arasında olub və bu zaman 6 min nəfəri keçməyib. Ancaq Məşhəd və Kərbəla ziyarəti kütləvidir və ilin bütün vaxtları həyata keçirilir.
 
Məlum olduğu kimi, Azərbaycanda 2004-2009-cu illərdə Həcc ziyarətinin təşkili nisbətən sərbəst olub, bu işi təşkil etmək istəyən bütün şirkətlərə viza verilib. Ancaq sonradan qayda dəyişib və Azərbaycanla Səudiyyə Ərəbistanı arasında anlaşmaya əsasən səfirlik Həcc vizasını yalnız QMİ-yə verib. Bu da bir baxıma Həcc işində mərkəzləşmə yaradıb, fərqli şirkətlərin fəaliyyətini, həm də əlavə problemləri azaldıb.
 
Ancaq eyni işi Məşhəd və Kərbəla haqqında etmək real görünmür. Çünki Həcdən fərqli olaraq Məşhəd və Kərbəla yaxın ərazi və nisbətən ucuz qiymətə başa gəldiyi üçün daha çox insan gedir. Üstəlik, qonşu ölkə olduğu üçün İrana, oradan da İraqa ziyarətə gedənlərin qarşısını almaq mümkün deyil. Üstəlik, İranla viza da yoxdur. Yəni istənilən adam avtobusa minib Məşhədə gedə bilər. Bu məsələdə nisbətən daha rahat vəziyyət İraqladır. Çünki İraqa səfər viza ilə mümkündür. Ancaq İraq səfirliyinə hökumət viza verməməklə bağlı hər hansı məhdudiyyət qoya bilməz. Yalnız ilin müəyyən vaxtında, hansısa özəl turizm şirkətləri vasitəsilə viza verilməsi həyata keçirilə bilər ki, bu da təsadüfi ziyarət təşkilatçıları və onların yaratdığı problemlərdən uzaq olmaq mümkün olsun.
 
Beləliklə, əslində həddən artıq mürəkkəb bir vəziyyətdir. Bu sahədə müəyyən problemlərin olduğunu hər kəs anlayır. Amma indi daha sağlam və mükəmməl qaydalar hazırlanmalıdır. Əgər hökumət qurumları dini ziyarət məsələsini məcburetmə və ya qadağalarla etməyə çalışsa, bu sahədə xaos daha da dərinləşə bilər. Yeri gəlmişkən, bu günə qədər bir neçə dəfə rəsmi qurumlar hansısa qadağalarla bu sahədə nizam yaratmağa çalışsa da, nəticə olmayıb.








Redaktorun seçimi