"Azercell" və "Nar Mobile" xanımların nömrələrini salonlara paylayır - QANUNSUZLUQ

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar hər gün müxtəlif kampaniya və xidmət adı ilə abunəçilərin ciblərinə girir. Abunəçilər tərəfindən bu cür şikayətlər zaman-zaman sosial şəbəkələrdə də müzakirə olunur, mobil operatorların fırıldaqçılğı ən kəskin formada tənqid olunur. Bu sırada isə ən çox adı çəkilən "Azercell" və "Nar Mobile" mobil operatorlarıdır.
Hər iki operatordan da istifadə edənlər iddia edir ki, şirkət müxtəlif xidmət adı ilə onların pulunu oğurlayır. Hətta, şikayət edənlər bildirir ki, problemlə bağlı dəfələrlə şirkətlə əlaqə yaradıb dərdlərini deyəndə onlar belə halın mümkünsüzlüyünü əsas gətirirlər:
"Mən "Nar Mobile" abunəçisiyəm. Bu operator yarandığı ilk günlərdə normal işləyirdi. Sonradan hər dəfə problemlər ortaya çıxmağa başladı. Axşam yatırdım, səhər oyanırdım ki, balansımdan pul çıxılıb. Zəng edib maraqlananda da deyirdilər ki, siz filan xidmətə qoşulduğunuz üçün balansınızdan bəlli məbləğ çıxılıb. Amma mən onlara sübut edə bilmirdim ki, belə bir xidmətə qoşulmamışam. Nəsə deyən kimi qarşı tərəf də qeyd edir ki, şikayətiniz varsa baş ofisə yaxınlaşıb aydınlaşdıra bilərsiniz. İndi mən və ya eyni halı yaşayan bir başqası işini-gücünü atıb, bunların xəbərdar etmədən qoşduqları xidmətin arxasınca düşməliyik? Axı bu kobud formada abonentin haqlarının pozulmasıdır. Kimsə bu problemə əncam çəkməlidir".
Eyni hal "Azercell"-də də mövcuddur. Adı çəkilən mobil operatordan istifadə edənlər qeyd olunan problemlərlə yanaşı, həmçinin günün müxtəlif saatlarında lazımsız mesajlarla onları narahat etdiklərini deyir. Belə ki, bəzi şirkətlərin yeni kampaniyaları ilə bağlı durmadan mesajlar gəlir, yeni açılmış məkan və ya restoranlara dəvətlərlə bağlı mesajlar gəlir. Artıq bundan cana doyduğunu deyən "Azercell" abunəçisi bilidirir ki, heç bir Avropa ölkəsində belə hal yoxdur:
"Dəfələrlə xarici ölkələrdə, elə yaxın Gürcüstanda da olmuşam. Ordan dostlarım da var. Onlarla söhbət edəndə bu barədə soruşanda belə halların Gürcüstanda mövcud olmadığını bildirirlər. Birdə görürsən gecə yatdığın yerdə mesaj gəlir, açırsan ki, hansısa retorana və ya konsertə dəvət edən bir yazıdır. Qadınlara da güzəştli kampaniyalar keçirən salonlar tərəfindən mesajlar gəlir. Bu qanuna zidd bir addımdı. Kiminsə xanımının telefon nömrəsini mobil operatorlar axı niyə salona və ya onun işçisinə verməlidir? Bu məsələ illərdir mövcuddur, hər ötən gün bu cür problemlər daha da artır".
Məsələ ilə bağlı "Nar Mobile" şirkətindən müştərilərin suallarını cavablandıran operator Faiq Manafov Cebhe.info-ya bildirdi ki, hazırda bu cür hallarla bağlı kütləvi şikayətlər yoxdur. Şikayətlərin əsasən tarif dəyişikliyi ilə bağlı olduğunu vurğulayan F.Manafov qeyd etdi ki, belə hallarda aidiyyatı üzrə qeydiyyat aparılaraq məsələ araşdırılır:
"Gələn şikayətləri yoxlayırıq, əgər həqiqətən də problem sistemdə görünürsə, o zaman tarif dəyişikliyinin nədən baş verdiyini abunəçiyə deyirik. Tarif dəyişikliyi abunəçinin xəbəri olmadan baş veribsə, ən azından biz bunun qeydiyyatını aparırıq ki, yoxlasınlar. Biz də bunun üçün ayrıca bir şöbə var, bu məsələyə onlar baxır".
Abonentlərin ittihamı ilə bağlı "Azercell" mobil operatorundan açıqlama almaq üçün şirkətin baş ofisinin (012) 496 70 07 telefon nömrəsinə dəfələrlə zəng etsək də, cavab verən olmadı. Şikayətlərlə bağlı qarşı tərəfin mövqeyini yazmağa hazırıq.


