Kişi xəyanət edə bilər, qadın yox - Yalan söhbətdi, xanım əfəndi

Hit: 6206
Kişi xəyanət edə bilər, qadın yox - Yalan söhbətdi, xanım əfəndi

Xəyanət: kişiyə olar, qadına yox. Qadın xəyanət etsə, kişinin ləyaqəti tapdanır. Kişi xəyanət etsə, heç nə tapdanmır.

Belə çıxır ki, qadının ləyaqəti yoxdu. " Kişi gəzər" normativi qadının ləyaqəti, qüruru, qeyrəti ola bilməz düşüncəsinin hakim olduğu zamanların məhsuludu. Quldarlıqdan qalmadı.

İnsan sayılmayan, əhali siyahisinə alınmayan, səs hüququ olmayan bir məxluqun ləyaqəti hardan? Taxta parçasıdı, nə qürur? Bir az ayıq qadını da həmən aldadıblar. Qadın müqəddəsdi, buna görə kişi xəyanət edə bilər, qadın yox. Yalan söhbətdi, xanım əfəndi. Səni aldadıblar. Əslində, alt qatda dərin, aşağılayıcı motiv var. 21-ci əsrin qadını bu aldanışla yaşamalı deyil.

Ona de ki, mənə sənin uydurduğun müqəddəslik paltarı lazım deyil. O paltarın yalan olduğunu əynimə geydiyim gündən bilirəm. Sən başqalarıyla əylənəndə, ona-buna göz qoyanda mənim əynim boş qalıb. Yalançı “ evli qadın” paltarı geyinib gəzmişəm. Mənə yalançı evlilik lazım deyil! 

Özümü Andersonun “ Kralın yeni geyimi” nağılındakı kral kimi hiss edirəm. Əynində heç nə yoxdu, amma hamı kralı aldadır, əynində gözəl paltar olduğunu deyir. Beləcə, kral lüm lüt gəzir şəhərin ortasında. 

Beləcə, bütün ətraf  həmişə aldadır. 

Qadını aldadır, kralı aldadır.  

Belə olmalıdı deyir. Belə ən gözəlidi deyir.

Kralın ətrafı elə kralın qəzəbindən qorxaraq söyləmir gerçəkləri.

Qadının ətrafı ailənin dağılacağından qorxub doğrunu söyləmir.

Bir ömür boyu aldanışla yaşamaq olarmı? Bunca yalançı bir ömür yaşamaq olarmı? 

Bəri başdan deyim ki, bu yazıya da o cür kütləvi rəy yazanlar  mənə çox yüngül görünəcəklər.  Hamıya məlum  şeyləri təkrar-təkrar deməkdən əl çəkin. Ayıbdı, tutuquşu olmayın. Adam olun. Həyatınızda bircə dəfə ürəyinizə enin, ruhunuza enin. Səmimi olun. Ən azı özünüzlə…Biz ki onu eşitmirik. Doğrunu söyləmir - qorxusundan.

Kişiyə olarsa, qadına da olar!

Bir insan olduğunu anlayacaqları günəcən savaş, qadın.

Əksini sübut edənlərin  bacısı, qızı, arvadı, anası olma.

İmtina et onlardan.   Bir insan olduğunu özün  anla.  Üz çevir,  həyatını qopar, səni diri-diri torpağa gömən əllərdən. Həyat elə kimin gəldi hikkəsi, eqosu uğruna xərclənəcək havayı məhsul deyil. Kimsəyə qurban edilə bilməz. Bütün cəmiyyət üzərinə gəlsə, yenə qorxma. Yaşamadan ölməkdənsə, yaşa, öl.  Özünü heç kimin yox, yalnız özünün hiss etmisənmi bircə dəfə?

Bircə dəfə kiminsə anası, qızı, arvadı yox, yalnızca özün olmusanmı? Bu nə deməkdi bilirsənmi? Gözlərini yum, hamını unut. Yalnız özün ol, sən ol, duy bunun ləzzətini.

Əzdirmə özünü. Kişi gəzərmiş. Pff... Kim deyir bunu? Bük hədiyyə kağızına o kişini, ver həmin adama. Aparıb evdə dolaba qoysun.  

Xəyanət qadın kəşfidi! 

Aysel Əlizadə 









Redaktorun seçimi