Mühafizə sistemi haqqında nə bilirik? - İqtisadi mühafizə nədir? MÜSAHİBƏ

İnsanların gündəlik həyatda ən çox qarşılaşdıqları iş sahiblərindən biri də mühafizə sisteminin işçiləridir.
Çox geniş yayılmasına baxmayaraq, bu sahə üzrə mətbuatda demək olar ki, yazı getməyib. Bunu nəzərə alıb mühafizə üzrə təlimçi Elmar Nurəliyev ilə bu sahə üzrə maraqlı məqamları oxucularımıza çatdırmaq üçün müsahibə etdik.
Faktor.az həmin müsahibəni oxucularına çatdırır:
- Elmar bəy ilk olaraq mühafizə nədir?
-Mühafizə sənə aid olan maddi ve mənəvi dəyərləri qiraq (yad) təsirlərdən qorumaqdır. Təbii ki, burada söhbət təkcə gözə görünən əşyalardan, yaxud hər hansısa avadanlıqdan getmir. Bura həmçinin həm hər hansısa iaşə, ticarət və istirahət obyektlrəi, həm də zavod, fabrik və digər kommersiya şirkətlərinin mühafizəsi daxildir. Hər sahədə olduğu kimi mühafizə sahəsinin də özünün spesifisik xüsusiyyətləri var. Burada əsas obyektin fiziki olaraq qorunması, giriş-çıxışının nəzarətə götürülməsi, şirkətin daxili qaydalarının tətbiqi, yanğın və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinin təşkili və nəzarət edilməsi aiddir. Bunlar da öz növbəsində qanunla tənzimlənir. Həmin qanun 10 aprel 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi ''Özəl müəssisələrdə mühafizənin təşkili'' haqqında sərəncamdır. Bu qanun özəl mühafizə fəaliyyəti göstərən şirkətlərlə müqavilə əsasında işləyən hüquqi və fiziki şəxslər arasındakı münasibətləri tənzimləyir.
-Ən çətin mühafizə olunan məkanlar hansılardır?
-Mühafizə sistemində demək olar ki, bütün sahələrdə işləmək çətin və məsuliyyətlidir. çünki burada söhbət obyektin mühafizəsindən və işçilərin təhlüksəsiz şəraitdə işləməsindən gedir. Ona görə də bu sahədə işləyənlər istənilən obyektin mühafizəsinin çətin və məuliyyətli olduğunu bilirlər. Bu səbəbdən də iş götürülərkən mühafizəçi tələb olunan kriteriyalara cavab verməlidir. Bu kriteriyalara sağlam həyat sürməsi, spirtli içkilərdən və narkotik tərkibli məhsullardan uzaq durması,müstəqil qərar qəbul etmək bacarığının olması və idmançı cüssəli olması daxildir.
-Təlimdə əsasən hansı mövzular keçirilir?
-Təlimlərdə mühafizəçilərə başlıca olaraq xüsusi peşə hazırlığı, hüquqi, psixoloji, tibbi və yanğına qarşı hazırlıq, həmçinin əlbəyaxa döyüş üzrə hazırlıq dərsləri keçirilir.
- Elmar bəy iqtisadi mühafizə haqqında nə deyə bilərsiniz?
-İqtisadi mühafizə şirkətin və ya cəmiyyətin əsas dayaqlarından biri olub özündə bir çox sahələri birləşdirən bir sistemdir. Bura kadr, mühasibat, satış,yanğın, texniki, nəqliyyat, elektron, inforasiya və vizual təhlükəsizliklər daxildir. İqtisadi təhlükəsizliyin əsas mexanizmi düzgün kadr seçimi və tərtib olunmuş sistem üzrə idarəetməni təşkil etməkdir. İqtisadi mühafizə sistemi ilə şirkətin quruluş bölmələri vahid mərkəzdən idarə olunur və nəzarət mexanizmi daha asan olur. Keçən əsrin 80-ci illərində ABŞ-da bir hava yolları şirkəti bu sistemi tətbiq etməklə çox çətin vəziyyətdən çıxa bilmişdir.
Rəhim Ramiz//Faktor.az


