Borcu olanlara "Azərsu"dan - BƏD XƏBƏR

Artıq 3 gündür ki, Binəqədi rayonu, 5-ci məhəllə adlanan ərazinin sakinləri su üzünə həsrət qalıb.
Bu barədə həmin sakinlər Faktor.az-a məlumat verib:
"Bizdə sayğac qoyulmayıb. Ona görə də pul ödəmirik. İndi təzə su xətti çəkilir. Bizə deyiblər ki, sayğac qoyulması üçün su idarəsinə gəlib qeydiyyatdan keçməlisiniz. Həmçinin, bu vaxta qədər istifadə etdiyimiz suyun pulunu ödəməyi tələb edirlər. Birincisi, əgər bu vaxta qədər sayğac qoyulmayıbsa, bu, bizim günahımız deyil. İkincisi, illərdir istifadə etdiyin suyun pulunu birdəfəlik ödəməyi tələb etmək nə dərəcədə düzgündür?"
Məsələ ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
"Ərazidə yeni şəbəkə qurulub. Hər bir evə yeni xətt çəkilib. Kimin əvvəldən su xətti olmayıbsa, ödəmə ilə bağlı heç bir problem yaranmayacaq. Sayğacı quraşdırıb, kartı verəcəyik, pul yükləyib istifadə edəcək. Amma kimin ki, əvvəldən su xətti olub, qeydiyyata düşməyib və qeyri-qanuni istifadə edib, həmin vətəndaşların borcu, dəymiş ziyan hesablanacaq. Kartı veriləcək və onlar həm borclarını ödəyəcək, həm də karta pul yükləyib istifadə edəcəklər", - deyə A.Cəbrayıllı bildirdi.


