Rektor: Qarabağ Universitetinin üçillik inkişafı böyük hədəflərə möhkəm təməl yaradıb

Hit: 218
Rektor: Qarabağ Universitetinin üçillik inkişafı böyük hədəflərə möhkəm təməl yaradıb
Bu gün Qarabağ Universitetinin yaradılmasının 3 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə təsis edilən Universitetin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə ali təhsilin, elmin və innovasiyanın inkişafı baxımından yeni mərhələnin əsasını qoyub. Ötən üç il ərzində dövlətimizin yüksək diqqəti və hərtərəfli dəstəyi sayəsində Qarabağ Universiteti əhəmiyyətli inkişaf yolu keçərək ölkəmizin ali təhsil sistemində özünəməxsus yeri tutmağa başlayıb. Böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ Universiteti qısa müddətdə müasir akademik mühitə, genişlənən təhsil və tədqiqat imkanlarına malik ali təhsil müəssisəsi kimi formalaşıb. Universitetimiz Qarabağın dirçəlişinə, eləcə də ölkəmizin ali təhsil potensialının gücləndirilməsinə töhfə verən mühüm akademik mərkəzə çevrilmək yolunda fəaliyyətini uğurla davam etdirir.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
 
Rektor bildirib ki, Universitetin fəaliyyətə başlaması Xankəndinin və bütövlükdə Qarabağın sosial, iqtisadi, mədəni və intellektual inkişafına yeni imkanlar açıb.
 
Ş.Bayramov vurğulayıb ki, üç il ərzində Universitetin akademik strukturu və fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişlənib: “Hazırda Qarabağ Universitetində 9 fakültə fəaliyyət göstərir, 45 ixtisas üzrə 3300-dən çox tələbə təhsil alır. Universitetin Klinikası ilə birlikdə əməkdaşlarımızın sayı 560-ı ötür. Bu müddətdə müasir tədris və tədqiqat infrastrukturu yaradılıb, akademik heyətin potensialının gücləndirilməsi və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Universitetə yüksək qəbul balları ilə daxil olan tələbələrin sayının ildən-ilə artması, eləcə də onların respublika və beynəlxalq səviyyəli müsabiqə və layihələrdə qazandıqları uğurlar bu inkişafın konkret nəticələridir”.
 
Rektor qeyd edib ki, Universitetdə tədrislə yanaşı, elmi-tədqiqat fəaliyyətinin inkişafı da əsas prioritetlərdəndir. Son üç ildə Scopus beynəlxalq elmi bazasında indekslənən nəşrlərin sayının 81-ə çatması bu istiqamətdə əldə olunan nəticələrin göstəricisidir.
 
O bildirib ki, Universitetin inkişafında beynəlxalq əməkdaşlıq və qabaqcıl təcrübələrin tətbiqi də mühüm rol oynayır. Nüfuzlu xarici universitetlərlə qurulan akademik əlaqələr, həyata keçirilən ikili diplom proqramı, təcrübəli əcnəbi professor və mütəxəssislərin akademik fəaliyyətə cəlb edilməsi, əcnəbi tələbə qəbulunun həyata keçirilməsi, eləcə də beynəlxalq elmi tədbirlər və birgə layihələr Qarabağ Universitetinin beynəlxalq akademik məkana inteqrasiyasına geniş imkanlar yaradır.
 
“Universitetimizin üçillik fəaliyyətini dəyərləndirərkən əldə etdiyimiz nəticələrlə yanaşı, qarşıda duran vəzifələrin məsuliyyətini də aydın şəkildə dərk edirik. Növbəti mərhələdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq akademik əlaqələrin dərinləşdirilməsi, eləcə də doğma Qarabağımızın inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik. Əminik ki, Qarabağ Universiteti dövlətimizin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, yaxın gələcəkdə ölkəmizin aparıcı ali təhsil və elmi tədqiqat mərkəzlərindən birinə çevriləcək.
 
Bu əlamətdar gündə Universitetimizin yaradılmasına və inkişafına göstərdiyi yüksək diqqət və dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Universitetin formalaşmasında və inkişafında əməyi olan bütün əməkdaşlarımıza, tələbələrimizə, valideynlərə və tərəfdaşlarımıza təşəkkür edirik. Qarabağ Universitetinin üçillik inkişaf yolu qarşıya qoyulan böyük hədəflərə doğru inamla irəliləmək üçün möhkəm təməl yaradıb”, – deyə rektor vurğulayıb.






Redaktorun seçimi