Polis Akademiyasında “Cinayət prosesi: yeni çağırışlar və həlli yolları” mövzusunda müzakirə keçirilib
DİN-in Polis Akademiyasında “Cinayət prosesi: yeni çağırışlar və həlli yolları” mövzusunda elmi-praktiki müzakirə keçirilib. Akademiyanın Strateji planlaşdırma, keyfiyyət təminatı və monitorinq bölməsi ilə Cinayət prosesi kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə cinayət-prosessual qanunvericiliyin müasir inkişaf tendensiyaları, hüquq tətbiqi fəaliyyətində qarşıya çıxan aktual problemlər və onların həlli yolları müzakirə olunub.
Müzakirədə Xəzər Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədov və Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin Nəzarət-Metodiki Şöbəsinin müstəntiqi, polis mayoru Əhməd Muradov iştirak ediblər. Tədbir çərçivəsində istintaq hakimliyi institutu, üzləşdirmə və hadisə yerinə baxış zamanı müasir yanaşmalar, mediasiya institutunun cinayət-prosessual qanunvericiliyə daxil edilməsi, dindirmələrin audio-video çəkilişlə qeydə alınması və elektron sübutların mühafizəsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hakim Toğrul Məmmədov məhkəmə təcrübəsində rast gəlinən mübahisəli məsələlərə toxunaraq praktiki təcrübəsini bölüşüb. Polis mayoru Əhməd Muradov isə ibtidai araşdırma zamanı yaranan çətinliklər, istintaq hərəkətlərinin keyfiyyətli aparılması, sübutetmə prosesində yol verilən nöqsanlar və elektron sübutlarla işin təşkili barədə fikirlərini diqqətə çatdırıb. Müzakirələrdə cinayət prosesinin səmərəliliyinin artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, hüquq tətbiqi təcrübəsində vahid yanaşmanın formalaşdırılmasının, rəqəmsal texnologiyalardan səmərəli istifadənin və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin vacibliyi vurğulanıb.
Tədbirdə kursantların sualları cavablandırılıb, praktiki hüquqi situasiyalar müzakirə olunub, cinayət-prosessual fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.


































































