Mincivan qəsəbəsində hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib

Hit: 200
Mincivan qəsəbəsində hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib
İşğaldan azad edilmiş ərazilərdə sərhəd mühafizə infrastrukturunun inkişaf etdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Mincivan qəsəbəsində inşa edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi şəhərciyinin açılışı və xidməti mənzillərin orderlərinin təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasimdə dövlət başçısının sərhəd təhlükəsizliyinə və hərbi qulluqçuların sosial rifahına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində dövlət sərhədlərimiz boyunca genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirildiyi, müasir tələblərə cavab verən sərhəd mühafizə infrastrukturunun yaradıldığı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən xüsusi vurğulanmışdır.
 
İşğaldan azad edilmiş ərazilərdə müasir yaşayış komplekslərinin istifadəyə verilməsinin tarixi Zəfərimizin yaratdığı yeni reallıqların əyani ifadəsi, sərhədçilərə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğu qeyd edilmişdir.
 
Üç hektara yaxın ərazidə salınmış, 54 mənzilli ikimərtəbəli binalardan ibarət şəhərcikdə hərbi qulluqçuların və onların ailə üzvlərinin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılmışdır. Müasir standartlara uyğun təmir edilmiş mənzillər mebel və zəruri məişət avadanlıqları ilə təchiz olunmuş, ərazidə geniş abadlıq işləri aparılmış, istirahət parkı salınmışdır.
 
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilmiş, sərhədçilərə və onların ailə üzvlərinə firavan həyat, hərbi qulluqçulara dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulanmışdır.
 
Tədbir çərçivəsində hərbi şəhərciyin ərazisində yaşıllaşdırma məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.






Redaktorun seçimi