Sənan Ağakişiyev AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilib
Dünya Juboksinq Citsu Federasiyasının prezidenti, Azərbaycanın əməkdar məşqçisi Sənan Ağakişiyev Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) İdarə Heyətinin fəxri üzvü seçilib.
Bu barədə Faktor.az-a Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul məlumat verib.
Məlumata görə, Sənan Ağakişiyev uzun illərdir Azərbaycan idmanının inkişafına töhfə verir. Onun məşqçilik fəaliyyəti nəticəsində çoxsaylı Avropa və dünya çempionları yetişib və Azərbaycanı beynəlxalq yarışlarda təmsil ediblər.
Sənan Ağakişiyev 2017-ci ildə Juboksinq Citsu idman növü üzrə Azərbaycanın əməkdar məşqçisi, 2019-cu ildə isə Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi fəxri adına layiq görülüb.
Keçirilən görüşdə onun AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilməsi ilə bağlı müvafiq qərar təqdim olunub.
Görüş zamanı bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku beynəlxalq idman yarışına hazırlıq, təşkilati məsələlər, beynəlxalq idman əlaqələrinin genişləndirilməsi, idmançıların hazırlıq səviyyəsinin artırılması, sağlam həyat tərzinin təşviqi və qarşılıqlı əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib.
Bildirilib ki, AQDİM sözügedən beynəlxalq yarışda rəsmi tərəfdaş qismində iştirak edəcək. Bu əməkdaşlığın idman ictimaiyyəti arasında könüllü qan donorluğunun təşviqinə və donor mədəniyyətinin genişləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.
AQDİM rəhbərliyi Sənan Ağakişiyevin idman sahəsindəki təcrübəsinin və beynəlxalq əlaqələrinin mərkəzin könüllü qan donorluğunun təşviqi istiqamətində həyata keçirdiyi layihələrə dəstək verəcəyinə ümid etdiyini bildirib.


































































