ADAU ilə TİKA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Mahmut Ağırmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov Universitetin inkişaf istiqamətləri, beynəlxalq əlaqələri, tədris və elmi-tədqiqat sahəsində həyata keçirilən yeniliklər, eləcə də müasir infrastruktur imkanları barədə məlumat verib. Rektor Azərbaycan-Türkiyə əlaqələrinin təhsil və elm sahəsində inkişafında TİKA ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qonağa ADAU-nun tarixi, təhsil imkanları, aqrar sahə üzrə mütəxəssis hazırlığı, elmi potensialı və əldə etdiyi nailiyyətlər haqqında məlumat verilib. Bu məqsədlə universitetin fəaliyyətini əks etdirən tanıtım filmi nümayiş etdirilib.
Mahmut Ağırman çıxışında ADAU-da yaradılmış təhsil və infrastruktur şəraitini yüksək qiymətləndirib, universitetlə TİKA arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, təhsil və aqrar sahədə birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
Görüşdə ADAU ilə TİKA arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təhsil, elmi-tədqiqat və praktiki hazırlıq sahələrində birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar TİKA-nın dəstəyi ilə qurulan ADAU TV-nin müasir internet televiziyasının studiyosu ilə tanış olub. Studiyanın texniki imkanları, müasir avadanlıqları və universitetin media fəaliyyətindəki rolu barədə məlumat təqdim edilib.
Səfər çərçivəsində Universitetin Baytarlıq Klinikası da ziyarət olunub. Klinikada yaradılmış şərait, tətbiq edilən müayinə və müalicə imkanları, tələbələrin praktiki bilik və bacarıqlarının formalaşdırılmasında klinikanın rolu diqqətə çatdırılıb.


































































