FAYDA İş Adamları Platforması seminar keçirib
FAYDA İş Adamları Platforması və EGA-nın birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün brendin hüquqi qorunma strategiyası” mövzusunda praktiki seminar keçirildi.
Seminar çərçivəsində Əqli Mülkiyyət Hüquqları üzrə ekspert Ariz İbadov tərəfindən brend adlarının və loqoların hüquqi qorunması, əmtəə nişanlarının qeydiyyatı, hüquqi prosedurlar və mümkün hüquq pozuntuları zamanı atılmalı olan addımlar barədə ətraflı məlumat verildi.
İnteraktiv müzakirələrlə yadda qalan tədbirdə sahibkarlar mövzu ilə bağlı suallarını ünvanlamaq və praktiki biliklər əldə etmək imkanı qazandılar.
Dəyərli biliklərini bölüşdüyünə görə Ariz İbadova, əməkdaşlığa görə EGA komandasına və seminarda iştirak edən bütün sahibkarlarımıza təşəkkür edirik.
FAYDA İş Adamları Platforması olaraq sahibkarlarımızın maarifləndirilməsinə, bizneslərinin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verməyə davam edirik.



































































