ADNSU-da Daşkənd Texniki Universitetinin professorlarının iştirakı ilə açıq dərs və dəyirmi masa keçirilib

Hit: 184
ADNSU-da Daşkənd Texniki Universitetinin professorlarının iştirakı ilə açıq dərs və dəyirmi masa keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Özbəkistanın Daşkənd Texniki Universitetindən (DTTU) dəvət olunmuş nanotexnologiya və mikroelektronika sahələri üzrə professorlar Baltoxodja Y. Umirzakov və Akbarjon A. Abduvayitovun iştirakı ilə açıq dərs və elmi dəyirmi masa keçirilib.
 
Tədbir çərçivəsində ilk olaraq ADNSU-nun Sənaye mühəndisliyi fakültəsinin dekanı, dosent Fərid Ağayevin tədris etdiyi “Rəqəmsal elektronika” fənni üzrə tələbələr üçün açıq dərs təşkil olunub. Qonaq professorlar dərsdə iştirak edərək müvafiq elmi istiqamətlər üzrə bilik və təcrübələrini tələbələrlə bölüşüblər.
 
Daha sonra “İkili materiallar əsasında yaradılmış nanostrukturların tərkibi, quruluşu, emissiya və optik xüsusiyyətləri” mövzusunda elmi dəyirmi masa keçirilib. Müzakirələr zamanı nanotexnologiya və mikroelektronika sahəsində aktual elmi istiqamətlər, nanostrukturların fiziki və optik xüsusiyyətləri, eləcə də gələcək elmi əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 
Dəyirmi masada ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nigar Adilova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova, elmi katib, dosent İnqlab Əliyev, Sənaye mühəndisliyi fakültəsinin dekanı, dosent Fərid Ağayev, Fizika kafedrasının müdiri, professor Musavər Musayev, Cihaz mühəndisliyi kafedrasının müdiri, dosent Lalə Bəkirova, Elektronika və avtomatika kafedrasının professoru Azər Məmmədov və dosent Rəhim Rəhimov, Elmi tədqiqatların əlaqələndirilməsi və monitorinqi şöbəsinin müdiri Gülnarə Məmmədova, eləcə də universitetin müvafiq struktur bölmələrinin əməkdaşları və tədqiqatçıları iştirak ediblər.
 
Görüş elmi təcrübə mübadiləsinin genişləndirilməsi, nanotexnologiya və mikroelektronika sahələrində birgə tədqiqat imkanlarının araşdırılması, həmçinin ADNSU ilə Daşkənd Texniki Universiteti arasında akademik və elmi əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.






Redaktorun seçimi