Kiber düşərgə və “Gənclərin CTF Kuboku” keçiriləcək
27-30 noyabr 2026-cı il tarixlərində Quba şəhərində gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını inkişaf və nümayiş etdirən Kiber düşərgə və “Gənclərin CTF Kuboku” keçiriləcək.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərəfdaşlığı ilə baş tutacaq tədbirin əsas məqsədi tələbələrin praktiki bacarıqlarını inkişaf etdirmək, texniki potensiallarını üzə çıxarmaq və universitetlər arasında sağlam rəqabət mühiti formalaşdırmaqdır.
Tədbirdə AKTA-nın təşəbbüsü ilə ölkənin 22 ali təhsil müəssisəsində yaradılmış kiber klubların üzvləri, eləcə də regionlarda yerləşən universitet və kolleclərin kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alan tələbələri iştirak edəcəklər.
Proqram çərçivəsində AKTA ekspertləri tərəfindən kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə təlimlər və praktiki simulyasiyalar keçiriləcək, yekun mərhələdə isə iştirakçılar CTF (Capture The Flag) yarışında bilik və bacarıqlarını sınayacaqlar.
“Gənclərin CTF Kuboku” gənclərin praktiki təcrübəsinin artırılmasına, potensiallı mütəxəssislərin üzə çıxarılmasına və ölkədə kibertəhlükəsizlik sahəsində gənclər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.


































































