“III Yaşıl düşüncə” proqramı çərçivəsində növbəti təlim keçirilib
“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclərin ekoloji biliklərinin artırılması, ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan hüquqi və normativ mexanizmlər barədə məlumatlandırılması məqsədilə növbəti təlim keçirilib.
“Ekoloji ekspertiza: qiymətləndirmədən rəyə” mövzusuna həsr olunan təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov çıxış edib.
Təlim zamanı iştirakçılara ekoloji ekspertizanın mahiyyəti, həyata keçirilmə mərhələləri, ətraf mühitə təsirlərin qiymətləndirilməsində rolu və qərarların qəbulunda əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, ekoloji norma və standartların məqsədi, tətbiq prinsipləri və ətraf mühitin mühafizəsində rolu izah olunub.
Görüşdə emissiya normalarının müəyyənləşdirilməsi və tətbiqi qaydaları, atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarının tənzimlənməsi məsələləri də diqqətə çatdırılıb.
Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.































































