ATU-nun Tədris Cərrahiyyə Klinikasında təhlükəsizlik səfərbərliyi
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) inzibati heyət və əməkdaşların iştirakı ilə fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və mümkün risklərin minimuma endirilməsi məqsədilə maarifləndirici toplantı keçirilib.
TCK-nın direktoru, dosent Əsədulla Sultanov tədbirin əhəmiyyətinə diqqət çəkərək, bu cür maarifləndirici görüşlərin əməkdaşların təhlükə zamanı çevik və düzgün qərar qəbul etməsinə, təhlükəsizlik qaydalarını dərindən mənimsəməsinə, eləcə də mümkün risklərə qarşı hazırlıqlı olmasına xidmət etdiyini vurğulayıb. Klinika rəhbəri əlavə edib ki, bu baxımdan, fövqəladə hallara hazırlıq yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, praktiki vərdişlərlə də möhkəmləndirilməlidir.
Klinikanın Mülki Müdafiə Qərargahının rəisi Azər Cəfərov da mülki müdafiə tədbirlərinin əhəmiyyətindən, fövqəladə vəziyyətlərə hazırlığın vacibliyindən və hər bir əməkdaşın bu sahədə zəruri bilik və praktiki bacarıqlara yiyələnməsinin önəmindən danışıb. O, belə hallarda düzgün davranış qaydalarının əvvəlcədən mənimsənilməsinin insan həyatının və sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Çıxışların ardınca TCK rəhbəri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ərazi Müdafiəsi Qoşunlarının “N” saylı hərbi hissəsi tərəfindən təşkil olunmuş təlimdə fəallığına görə təşəkkürnaməyə layiq görülən Azər Cəfərova müvafiq sənədi təqdim edib.
Toplantı çərçivəsində fövqəladə halların qarşısının alınması, onların mümkün nəticələrinin aradan qaldırılması, təhlükəli vəziyyətlərdə düzgün davranış alqoritmi, fərdi mühafizə vasitələrindən istifadə və yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunub.
Maarifləndirmə prosesi əyani vəsaitlərlə müşayiət edilib, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktiki şəkildə nümayiş etdirilib. İştirakçılara fövqəladə vəziyyətlərdə təhlükəsizliyin təmin olunması, operativ hərəkət və risklərin düzgün qiymətləndirilməsi ilə bağlı zəruri məlumatlar çatdırılıb.
Qeyd edək ki, TCK-da mütəmadi olaraq təşkil olunan bu kimi maarifləndirici tədbirlər klinikada təhlükəsiz iş mühitinin təmin edilməsi, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və insan həyatının qorunmasına yönəlmiş qabaqlayıcı tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.































































