Qax Rayon İcra Hakimiyyətində korporativ təmsilçilik və sosial media mövzusunda təlim keçirilib

Hit: 160
Qax Rayon İcra Hakimiyyətində korporativ təmsilçilik və sosial media mövzusunda təlim keçirilib
Qax Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının rəqəmsal platformalarda düzgün təmsil olunması, korporativ imicin qorunması, ictimaiyyətlə effektiv kommunikasiya qurulması və mümkün reputasiya risklərinin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Korporativ təmsilçilik və sosial media” mövzusunda təlim keçirilib.
Təlim zamanı rəqəmsal PR, dövlət qurumunun rəsmi və qeyri-rəsmi kommunikasiya vasitələri, sosial mediada korporativ ünsiyyətin əsas prinsipləri, şəxsi və peşəkar sosial media fəaliyyətində düzgün sərhədlərin müəyyən edilməsi, eləcə də məxfi və həssas məlumatların qorunması qaydaları ətrafında müzakirələr aparılıb.
 
Müasir dövlət idarəçiliyində korporativ təmsilçilik yalnız qurumun adını və rəsmi simvollarını təqdim etməklə məhdudlaşmır. Eyni zamanda, hər bir əməkdaşın rəqəmsal davranışı, auditoriya ilə ünsiyyət tərzi və nümayiş etdirdiyi peşəkar yanaşma qurumun dəyərlərini, etibarını və nüfuzunu müəyyən edən mühüm amillərdəndir.
Təlimdə sosial medianın korporativ təmsilçiliyi daha görünən və sürətli etdiyi, bu baxımdan kollektivdə vahid ünsiyyət standartlarının, komanda ruhunun və institusional məsuliyyətin möhkəmləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
 
Qeyd olunub ki, bu kimi maarifləndirici tədbirlər dövlət idarəçiliyində müasir rəqəmsal kommunikasiya standartlarının mənimsənilməsinə, əməkdaşların birgə işləmə mədəniyyətinin və etik dəyərlərinin inkişafına, nəticəyönümlü və vətəndaş məmnunluğuna əsaslanan idarəetmə mühitinin formalaşdırılmasına xidmət edir.






Redaktorun seçimi