Aparat rəhbəri - Peşə təhsili üzrə 17 yeni proqram hazırlanır
“Biz peşə təhsilinin həm məzmununu, həm pedaqoji kadrları, həm də infrastrukturumuzu müasir tələblərə uyğun qurmalı və əmin olmalıyıq ki, gənclərə tədris etdiyimiz mövzular, öyrətdiyimiz bacarıqlar işəgötürənlərin ehtiyaclarına uyğundur”.
Faktor.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Peşə Təhsili Forumu 2026”da söyləyib.
Aparat rəhbəri bildirib ki, peşə təhsili infrastrukturunun daha da inkişaf etdirilməsi, yəni 21 yeni peşə təhsili müəssisəsinin tikintisi, iki təhsil müəssisəsinin isə təmiri nəzərdə tutulur:
“Peşə təhsilinə maraq artmaqdadır. 2025-ci ildə 27 min nəfər təhsil alırdısa, cari ildə bu rəqəm 40 minə çatıb. Yüksək texniki peşə təhsilində təhsil alanların sayı 8 min idisə, biz bunu 10 minə çatdırmağı düşünürük. Dual peşə təhsili də vacib mövzulardan biridir. 2025-ci ildə 1 700 nəfər dual peşə təhsili alır”.
Mətin Kərimli bildirib ki, bu il 274 yeni müəllimi işə qəbul edilib və 17 yeni təhsil proqramı hazırlanır: “Biz çalışırıq ki, cəmiyyətdə peşə təhsilinin nüfuzunu qaldıraq. Bununla bağlı maarifləndirmə tədbirləri də həyata keçirilir. Peşə təhsili yalnız iqtisadiyyat üçün bacarıqlara malik insanların yetişdirilməsi demək deyil. Burada bir çox dövlət qurumlarından olan həmkarlarımızı görürəm ki, onlar da gənclərlə işləyirlər. Peşə təhsili həm də sosial əhəmiyyət daşıyan bir məsələdir. Biz hər birimiz əmin olmalıyıq ki, təhsildən, təlimdən və əmək fəaliyyətindən kənarda qalan gənclərimiz olmasın. Bu, həm iqtisadi, həm də mühüm sosial əhəmiyyət daşıyır”.


































































