BDU beynəlxalq reytinqdə dünyanın ən yaxşı - 500 universiteti arasında yer alıb
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu ali təhsil reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən açıqlanan “Interdisciplinary Science Rankings 2027” (Fənlərarası Elmi Tədqiqatlar üzrə Reytinq 2027) siyahısında dünyanın ən yaxşı 500 universiteti arasında yer alaraq 401–500-cü pillədə qərarlaşıb.
BDU-dan Faktor.az-a bildirilib ki, reytinq universitetlərin fənlərarası elmi tədqiqatlara verdiyi töhfəni, bu istiqamətdə institusional öhdəliklərini və tədqiqat fəaliyyətinin nəticələrini qiymətləndirir. “Schmidt Science Fellows” təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanan reytinqdə universitetlərin elmi tədqiqatlara ayırdığı resurslar, tədqiqat mühitinin təşkili, institusional dəstək mexanizmləri, elmi nəşrlər və tədqiqatların keyfiyyəti kimi göstəricilər nəzərə alınır.
Bu nəticə BDU-nun elmi-tədqiqat potensialının, müxtəlif elm sahələri arasında əməkdaşlığın və fənlərarası tədqiqatların inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. BDU-nun reytinqdə TOP-500-də qərarlaşması universitetdə fundamental və tətbiqi elmlərin inkişafı, elmi istiqamətlər arasında inteqrasiyanın gücləndirilməsi, tədqiqat əməkdaşlıqlarının genişləndirilməsi və beynəlxalq elmi təşəbbüslərdə iştirak istiqamətində həyata keçirilən fəaliyyətin əhəmiyyətini nümayiş etdirir.
BDU-da elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin və səmərəliliyinin artırılması, beynəlxalq elmi əməkdaşlıqların inkişaf etdirilməsi, tədqiqat nəticələrinin nüfuzlu elmi nəşrlərdə dərc olunmasının təşviqi və innovativ tədqiqat yanaşmalarının dəstəklənməsi əsas istiqamətlər sırasındadır. Bu baxımdan, fənlərarası tədqiqatların təşviqi müxtəlif elmi sahələrin potensialının birləşdirilməsi, kompleks elmi problemlərin həlli və Universitetin beynəlxalq elmi məkanda rəqabətqabiliyyətliliyinin artırılması üçün mühüm əhəmiyyət daşıyır.


































































