THE Sahələrarası Elm Reytinqi 2027: - UNEC Azərbaycan və Cənubi Qafqazda liderdir
“Times Higher Education” (THE) Sahələrarası Elm Reytinqi 2027-nin (THE Interdisciplinary Science Rankings 2027) nəticələri açıqlanıb. Dünyanın nüfuzlu ali təhsil müəssisələrinin qiymətləndirildiyi reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mövqeyini ötən illə müqayisədə 150 pillə yaxşılaşdıraraq 351-400-cü yerlər qrupundan 201-250-ci yerə yüksəlib. Bu nəticə ilə UNEC həm Azərbaycanda, həm də Cənubi Qafqaz regionunda 1-cidir.
Bu barədə Faktor.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, bu uğur universitetin qlobal elm və təhsil məkanında rəqabət qabiliyyətinin, fənlərarası tədqiqat potensialının və elmi ekosisteminin davamlı inkişafının göstəricisidir. Eyni zamanda, UNEC-in THE-nin digər qlobal reytinqlərində (World University Rankings 2027 və Impact Rankings) əldə etdiyi ardıcıl yüksəlişlərin davamıdır.
“UNEC-100” İnkişaf Strategiyasına uyğun olaraq qazanılan bu nailiyyət universitetin beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsinə, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığın genişlənməsinə, eləcə də istedadlı magistrant, doktorant və beynəlxalq elmi layihələrin cəlb olunmasına geniş imkanlar açır.
THE Sahələrarası Elm Reytinqi universitetlərin fənlərarası elmi tədqiqat potensialını 3 əsas istiqamət üzrə dəyərləndirir: Resurslar və imkanlar (Inputs) - tədqiqatların maliyyələşdirilməsi və infrastruktur dəstəyi, tədqiqat prosesləri (Process) - elmi idarəetmə, təşviq mexanizmləri və inzibati dəstək, elmi nəticələr və təsir (Outputs) - fənlərarası elmi nəşrlərin sayı, keyfiyyəti və beynəlxalq istinad göstəriciləri.


































































