Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Hit: 179
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda universitetin rəqəmsal inkişafı, elmi fəaliyyətin təşkili, məzunların peşəkar hazırlıq göstəriciləri, magistratura səviyyəsində elmi-tədqiqat işlərinin planlaşdırılması və akademik fəaliyyətin stimullaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
 
Gündəliyə uyğun olaraq, əvvəlcə MDU-da rəqəmsal inkişaf və informasiya texnologiyaları sahəsində görülən işlər nəzərdən keçirilib. Universitetdə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, müasir informasiya texnologiyalarının tədris və idarəetmə proseslərinə inteqrasiyası, elektron xidmətlərin inkişafı və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti vurğulanıb.
 
İclasda elmi konfrans, seminar və dəyirmi masaların keçirilməsi planı da müzakirə edilib. Elmi tədbirlərin universitetin tədqiqat potensialının gücləndirilməsində, akademik əməkdaşlığın genişləndirilməsində, professor-müəllim heyətinin və tələbələrin elmi fəallığının artırılmasında mühüm rolu qeyd olunub.
 
Daha sonra 2025–2026-cı tədris ili üzrə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında MDU məzunlarının göstərdikləri nəticələr barədə məlumat təqdim edilib. Müzakirələr zamanı məzunların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kompetensiyaların inkişaf etdirilməsi və müəllim hazırlığında keyfiyyət göstəricilərinin davamlı təkmilləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
 
Cari məsələlər çərçivəsində 2026–2027-ci tədris ilində universitetin birinci kurs magistrantlarının dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi məsələsinə baxılıb. Magistrantların elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili, tədqiqat mövzularının aktuallığı və elmi rəhbərlik prosesinin keyfiyyətinin təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.
 
İclasda kafedralar tərəfindən Elmi Şuranın yeni tərkibinə dair təkliflərin verilməsi məsələsinə də baxılıb. Bununla bağlı kafedralara müvafiq təkliflərin hazırlanaraq təqdim olunması tapşırılıb. Təkliflərdə namizədlərin elmi-pedaqoji fəaliyyəti, akademik təcrübəsi və universitetin inkişafına töhfə vermək imkanlarının nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.
 
Həmçinin MDU əməkdaşlarının 2026-cı il üzrə elmi nəşr və akademik fəaliyyət nəticələrinə əsasən birdəfəlik mükafatlandırılması məsələsi nəzərdən keçirilib. Bu təşəbbüsün elmi məhsuldarlığın artırılmasına, beynəlxalq elmi nəşrlərdə təmsilçiliyin genişləndirilməsinə və universitetdə nəticəyönümlü akademik fəaliyyətin təşviqinə xidmət etdiyi vurğulanıb.
 
İclasın sonunda gündəlikdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, universitetin strateji inkişaf prioritetlərinə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və institusional idarəetmənin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.






Redaktorun seçimi