SDU-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib
Azərbaycan Respublikası Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt Dövlət Universitetində (SDU) təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, “Bir əsrin işığında türkologiya: irs və perspektivlər” mövzusunda beynəlxalq forum keçirilib.
Forumda dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, türkologiya, dilçilik və humanitar elmlər sahəsində tanınmış alimlər və ziyalılar iştirak ediblər.
Əvvəlcə forum iştirakçıları universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgiyə baxış keçirilib və SDU-nun fəxri doktoru, professor Şükrü Halûk Akalının “100. Yılında 100 Soruda Birinci Türkoloji Kurultayı” kitabının təqdimatı olub.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun açılışında çıxış edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli iştirakçıları salamlayaraq, universitetin belə mötəbər elmi tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycan ilə türk dövlətləri arasında strateji əlaqələrin əhəmiyyətini vurğulayaraq, bu kimi tədbirlərin Türk dünyasının ortaq tarixi və mədəni irsinin öyrənilməsinə, eləcə də elmi əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirib.
Rektor Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinə toxunaraq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Müasir dövrdə multidissiplinar tədqiqatların, innovativ texnologiyaların tətbiqinin və beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək, Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni yaxınlaşmasında mühüm mərhələ olduğunu bildirib. O, belə beynəlxalq tədbirlərin Sumqayıtın elmi və mədəni həyatına, şəhərin təhsil potensialının inkişafına töhfə verdiyini qeyd edib.
SDU-nun fəxri doktoru, professor Şükrü Halûk Akalın Birinci Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyətindən danışıb. O, qurultayda dil, əlifba, ədəbiyyat və mədəniyyət məsələləri ilə bağlı irəli sürülən ideyaların bu gün də aktuallığını qoruduğunu bildirib. Professor yubiley münasibətilə hazırladığı “100. Yılında 100 Soruda Birinci Türkoloji Kurultayı” kitabının qurultayın tarixi irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət etdiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, akademik, filologiya elmləri doktoru Nizami Cəfərov çıxışında qurultayın Azərbaycan elmi və ictimai fikir tarixindəki yerinə toxunub. O, əlifba, dilçilik, terminologiya və ədəbi dil məsələlərinin müasir türkologiyanın əsas tədqiqat istiqamətləri sırasında olduğunu bildirib. Xüsusilə ortaq türk əlifbasının elmi, mədəni və kommunikativ inteqrasiya baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova türk xalqlarının ortaq ədəbi köklərinin, dil yaxınlığının və zəngin mədəni ənənələrinin qorunmasının vacibliyini vurğulayıb. O, türkologiya tədqiqatlarının tarix, ədəbiyyat, pedaqogika və müasir kommunikasiya imkanları ilə əlaqəli şəkildə inkişaf etdirilməsinin, gənc tədqiqatçıların beynəlxalq elmi layihələrə cəlb olunmasının əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova dilin milli kimliyin və tarixi yaddaşın əsas daşıyıcısı olduğunu bildirib. O, Azərbaycan dilinin qorunması və inkişafı, milli-mədəni irsin yaşadılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, türk xalqlarının ortaq ədəbi irsinin araşdırılması və təbliğinin əhəmiyyətinə toxunub.
Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva isə çıxışında ortaq türk tarixi, dili və ədəbiyyatının gənc nəslə sistemli şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. O, təhsil müəssisələrinin bu istiqamətdə mühüm missiya daşıdığını, qloballaşma şəraitində milli dilin, mədəniyyətin və tarixi yaddaşın qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Forumda çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Birinci Türkoloji Qurultayın Azərbaycan dilçiliyinin inkişafında, türkologiya elminin formalaşmasında və ortaq elmi-mədəni dəyərlərin öyrənilməsində mühüm rolundan bəhs edib. O, qurultayın tarixi əhəmiyyətinin müasir dövrdə də aktuallığını qoruduğunu vurğulayıb.
Forum çərçivəsində təşkil olunan elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb, onlara diplom və sertifikatlar təqdim edilib. Tədbir bədii proqramla davam edib.
Daha sonra forumun panel müzakirələri iki dəyirmi masa ətrafında keçirilib. Birinci paneldə “Ortaq türk əlifbası: problemlər və perspektivlər”, ikinci paneldə isə “Türk xalqları ədəbiyyatının ortaq kökləri və müasir inkişaf istiqamətləri” mövzuları müzakirə olunub.
Qeyd edək ki, iki gün davam edən beynəlxalq forum işinə noyabrın 13-də yekun vuracaq.






































































