BMU ilə UNEC Tələbə Elmi Cəmiyyətləri arasında növbəti görüş təşkil olunub
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyətinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
Səfər çərçivəsində universitetin Mühəndislik və Rəqəmsal İqtisadiyyat fakültələri, eləcə də UNEC Dizayn Məktəbinin fəaliyyəti, tədris şəraiti və maddi-texniki imkanları ilə tanışlıq olub, həmçinin ali məktəbin kitabxanası və laboratoriyalarına baxış keçirilib.
Görüşdə UNEC-in Laboratoriya İşinin Təşkili Mərkəzinin direktoru Ramil Sadıqov, Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva, Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi Vüsalə Musayeva və UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Səma Əliyeva çıxış edərək universitetin tədris imkanları, fakültələrin fəaliyyəti, həmçinin Tələbə Elmi Cəmiyyətinin həyata keçirdiyi layihələr barədə məlumat veriblər.
Tədbirdə BMU TEC-in elmi rəhbəri Bəhman Məmmədov və BMU TEC-in sədri Emil Salmanov da çıxış edərək cəmiyyətin fəaliyyət istiqamətləri, tələbə təşəbbüsləri və gələcək əməkdaşlıq perspektivləri haqqında danışıblar.
Görüş zamanı iki universitet arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin təşkili və tələbələrin qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, bu səfər iki universitetin TEC-ləri arasında daha əvvəl BMU-da keçirilmiş görüşün davamı olaraq təşkil edilib.



























































