Qarabağ Universitetinin Elmi Şurasının iclası keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə Elmi Şuranın sədri, rektor Şahin Bayramov açıb. Rektor çıxışında universitetin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə görülən işlərin mütəmadi təhlilinin, mövcud vəziyyətin qiymətləndirilməsinin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Ş.Bayramov gündəlikdə yer alan məsələlərin hər birinin bu hədəflərlə bilavasitə bağlı olduğunu bildirərək müzakirələrin konkret təkliflər və nəticəyönümlü qərarlarla müşayiət olunmasının vacibliyinə diqqət çəkib.
İlk olaraq Tələbələrlə iş mərkəzinin fəaliyyəti və MyQU tələbə orientasiyası proqramının həyata keçirilməsinə dair hesabat dinlənilib. Mərkəzin direktor əvəzi Gülşən Qasımzadə təqdimatında mərkəzin fəaliyyət istiqamətləri, tələbələrin universitet həyatına inteqrasiyası və orientasiya proqramı çərçivəsində görülən işlər barədə məlumat verib.
Daha sonra tələbə şəhərciyinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Maliyyə və təsərrüfat məsələləri üzrə prorektor Rüstəm İsgəndərli tələbə şəhərciyinin hazırkı vəziyyəti, infrastruktur təminatı, mövcud ehtiyaclar və qarşıda duran məsələlər barədə məlumatı Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda Qarabağ Universiteti kitabxanasının rəqəmsal kataloqunun yaradılması məsələsi də nəzərdən keçirilib. Kitabxana və Nəşriyyat Mərkəzinin direktoru Dönməz Xəlilov layihənin həyata keçirilməsi, kitabxana resurslarının elektron kataloqda sistemləşdirilməsi və istifadəçilərin informasiya resurslarına əlçatanlığının artırılması istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verib.
Gündəliyin sonuncu məsələsi Azıx Arxeoloji Araşdırma və Analiz Laboratoriyaları Mərkəzinin yay sahə işlərinin yekunlarına həsr olunub. Mərkəzin rəhbəri Əjdər Babazadə hesabatında yay mövsümündə aparılan arxeoloji araşdırmaların gedişi, tədqiqatların əsas istiqamətləri və əldə olunan nəticələr barədə məlumat təqdim edib.
Gündəlikdəki məsələlər üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Sonda Şahin Bayramov Beynəlxalq Dil Mərkəzinin ingilis dili müəllimi Ramazanova Nigar Vəli qızını pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edərək ona elmi fəaliyyətində uğurlar arzulayıb.



































































