“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti təlim keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün “İqlim dəyişmələri və karbon izi: ölçək, hesablayaq, azaldaq” mövzusunda növbəti təlim təşkil olunub.
Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova təqdimatla çıxış edərək iqlim dəyişmələrinin əsas səbəbləri, qlobal miqyasda yaratdığı təsirlər və bu istiqamətdə görülən tədbirlər barədə məlumat verib.
Təlim çərçivəsində istixana qazlarının əsas mənbələri, ölkələrin emissiyalardakı payı, karbon ayaq izinin azaldılması yolları, qlobal istiləşmənin ekosistemlərə təsiri və iqlim dəyişmələri ilə mübarizə strategiyaları müzakirə olunub. Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq emissiyaların azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyi, hidrometeoroloji şəbəkənin modernləşdirilməsi və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üzrə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Daha sonra Xidmətin İqlim və meteoroloji tədqiqatlar mərkəzinin mütəxəssisi Röya Əfəndiyeva karbon ayaq izinin hesablanması metodikası və onun azaldılması üçün gündəlik həyatda tətbiq oluna biləcək yanaşmalar barədə təqdimatla çıxış edib. Mövzu praktiki nümunələrlə izah olunub, iştirakçılarla birgə hesablamalar aparılıb.
Təlimin sonunda qrup işi təşkil edilib, iştirakçılar öyrəndikləri bilikləri tətbiq etməklə verilən tapşırıqları yerinə yetiriblər.


































































