8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir

Hit: 163
8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir
Neftçala Rayon Mərkəzi Kitabxanası və V.Soltanov adına Kürkənd kənd ümumi orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Gələcəyin zəfər nəsli" adlı bayram tədbiri keçirilib.
 
Mərkəzi Kitabxanada keçirilən mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər.
 
Bayram tədbirində ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə çıxış edənlər xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək apardığı haqq savaşından, 44 günlük Vətən müharibəsində təcəssüm edən sarsılmaz ordu-xalq birliyindən bəhs ediblər. Natiqlər cəbhədə döyüşən hərbçilərimizin şücaəti ilə yanaşı, arxa cəbhədə yorulmadan çalışan insanların fədakarlığının və rəşadətinin müqəddəs Qələbədə böyük rol oynadığını vurğulayıblar. Çıxışlarda xüsusilə qeyd olunub ki, ordumuzun müasir silah və hərbi texnika ilə təchizatı, yüksək döyüş hazırlığı və peşəkarlığı zəfərin əsas amillərindəndir. Həmçinin Vətən müharibəsinin zirvəsi sayılan Şuşanın azad olunması əməliyyatının xalqımızın milli qürur rəmzinə çevrildiyi, bu gün isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi və soydaşlarımızın doğma yurdlarına böyük qayıdışının reallaşdığı diqqətə çatdırılıb.
 
Tədbir çərçivəsində şagirdlərin ifasında Vətənə və Zəfərə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib.
 
Sonda şəhid ailələrinin üzvləri onlara göstərilən ali diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.






Redaktorun seçimi