Agentlik sədri Dünya Bankının nümayəndələri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Dünya Bankının sosial müdafiə komandasının və “Məşğulluğa Dəstək Layihəsi”nin icra qrupunun üzvləri ilə görüş keçirilib.
Görüşdə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi”nin icrası, əldəolunan nəticələr, o cümlədən layihə çərçivəsində icra olunan məşğulluq tədbirləri müzakirə olunub. Eləcə də, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, həmçinin layihənin monitorinq və qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov layihənin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxış imkanlarının artırılması, həssas əhali qruplarının məşğulluğunun dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Sədr layihə çərçivəsində əldə olunmuş nəticələrin dayanıqlı məşğulluğun təmin olunmasına və sosial rifahın yüksəldilməsinə töhfə verdiyini qeyd edib.
Dünya Bankının nümayəndələri layihənin icrası ilə bağlı fikir və təkliflərini bölüşüb.
Görüşdə tərəflər “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əməkdaşlığın davam etdirilməsinin və birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, layihənin birinci mərhələsinə 22 min benefisiarın cəlb edilməsi nəzərdə tutulsa da, icra prosesinin uğurlu nəticəsi kimi 26 min nəfərdən çox şəxs bu layihədə iştirak edib. Artıq layihənin 2026-2029-cu illəri əhatə edən ikinci mərhələsinin icrasına başlanıb və bu mərhələdə 30 min benefisiarın əhatə olunması nəzərdə tutulub.






































































