Pirallahıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq-quruculuq işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikanın hər yerində olduğu kimi, Pirallahı rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu mühüm təşəbbüsdən irəli gələn vəzifələrin icrası məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonu, Pirallahı qəsəbəsinin Neftçilər küçəsində əsaslı təmir işləri həyata keçirilmişdir.
Uzunluğu 500 metr olan qəsəbədaxili yolun təmiri çərçivəsində ümumilikdə 3000 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənmişdir. Yolun torpaq yatağının eni 8 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.
Qeyd edək ki, əvvəllər torpaq örtüklü olan küçədə, xüsusilə yağışlı havalarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaranır, sakinlərin gündəlik gediş-gəlişi müəyyən problemlərlə müşayiət olunurdu. Həyata keçirilən əsaslı təmir işləri nəticəsində bu problemlər aradan qaldırılmış, küçədə rahat və təhlükəsiz hərəkət üçün əlverişli şərait yaradılmışdır.
İşlərin sonuncu mərhələsində qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, avtonəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilməsi nəzərdə tutulur.
Təmir işləri əvvəlcədən müəyyən edilmiş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə həyata keçirilmişdir.





































































