Şəhid Saday Məmmədəliyevin xatirəsi ehtiramla yad edildi
Orbubadın Darkənd kəndində şəhid Məmmədəliyev Saday Rza oğlunun anım günü qeyd olunub. 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn Saday Məmmədəliyevin əziz xatirəsinə həsr olunmuş tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Naxçıvan Muxtar Respublikası Ali məclisinin deputatları, hərbçilər, icra hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə şəhidimizin məzarı üzərinə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub, tədbir iştirakçılarının çıxışları dinlənilib, məktəblilər tərəfindən vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib.
Sonda vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimiz bir daha ehtiramla yad edilib, şəhidimizin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.





































































