Agentliyin rəhbərliyi əcnəbi tələbələrlə görüşüb

Hit: 190
Agentliyin rəhbərliyi əcnəbi tələbələrlə görüşüb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə görüşüb.
Səhər yeməyi formatında, qeyri-rəsmi şəraitdə təşkil olunan görüşdə Agentliyin direktoru Ülkər Səttarova, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Agentliyin rəhbər şəxsləri və əməkdaşları, “Study in Azerbaijan” layihəsinin nümayəndələri, eləcə də ölkəmizin 9 ali təhsil müəssisəsində təhsil alan 13 ölkədən 40-a yaxın əcnəbi tələbə iştirak edib.
 
Görüşün əsas məqsədi əcnəbi tələbələrlə birbaşa ünsiyyətin qurulması, onların Azərbaycandakı təhsil təcrübələrinin öyrənilməsi, qarşılaşdıqları çətinliklərin və təkliflərinin dinlənilməsi, eləcə də tələbələrlə qarşılıqlı fikir mübadiləsinin aparılması olub.
Görüşdə çıxış edən Ülkər Səttarova tələbələri Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunmaları münasibətilə təbrik edib, ölkəmizdə əcnəbi tələbələr üçün yaradılan təhsil imkanları və mövcud dəstək mexanizmləri barədə məlumat verib.
 
Səmimi və interaktiv şəraitdə keçən görüşdə tələbələrin Azərbaycanda təhsil imkanları, universitet mühitinə uyğunlaşması, akademik və sosial həyatda iştirakı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Pakistan, Rusiya Federasiyası, Türkiyə, Qazaxıstan, Hindistan, Çin, Gürcüstan, Əlcəzair, Mərakeş, Belarus, İraq, İndoneziya və Konqodan olan tələbələr təmsil olunublar.
 
İştirakçılar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti və Xəzər Universitetində təhsil alırlar.






Redaktorun seçimi