Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edib.
Oktyabrın 29-da Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının prezidenti Mazin bin İbrahim əl-Kahmus ilə görüşüb.
Baş prokuror Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizə sahəsində qlobal təşəbbüslərini, o cümlədən GlobE Network-un yaradılması və Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüsün həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. Azərbaycanın bu təşəbbüslərə verdiyi dəstəyin bariz nümunəsi kimi 2025-ci ilin mayında Bakıda GlobE Network-un 6-cı Plenar İclasının və İdarəetmə Komitəsinin 10-cu iclasının keçirilməsi diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan Respublikasının prokurorluq orqanları ilə səmərəli əməkdaşlığına, korrupsiyaya qarşı mübarizə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi töhfələrə görə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmus medalı ilə təltif edilib.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli, həmçinin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev iştirak ediblər.




































































